Mobil versiya
Mədəni sərvətlərin hücum obyektinə çevrilməsi
Tarix: 24-09-2022 | Saat: 10:55
Bölmə:Ölkə | çapa göndər

Mədəni sərvətlərin hücum obyektinə çevrilməsi

“Hər kəs yalnızca öz vicdanı ilə savaşmış olsa, müharibə olmazdı.”

Lev Tolstoy


Müharibələrdə cəmiyyət tərəfindən müqəddəs sayılan və dəyər verilən tarixi-mədəni dəyərlərin məhv edilməsi zamanla mədəni irsin qorunub saxlanması üçün qayğı və düşüncələri ortaya qoydu. Bu ideyanın inkişafı sülh və müharibə dövründə bu dəyərlərin məhv edilməsinin qarşısını almağa yönəlmiş milli və beynəlxalq səviyyədə tənzimləmələrin həyata keçirilməsinə səbəb olmuşdur.

Ümumiyyətlə, tarixə nəzər saldıqda sülh və müharibə dövründə tarix və mədəni abidələrin qorunması ilə bağlı ilk tənzimetmələrin eramızdan əvvələ gedib çıxdığını görmək mümkündür. Brahma qanunlarında bütün insanlar yaradıcının işi və yaradıcının qardaşı kimi görülməklə yanaşı, müharibə zamanı şəhərlərin, məbədlərin və digər ibadət yerlərinin dağıdılmasını qadağan edən hökmlər mövcud idi.

Müharibə dövründə mədəni sərvətlərin məhv edilməsinə yönələn hərəkətlərə hüquqi nöqteyi-nəzər yetirdikdə bu cinayətin “ soyqırım” yoxsa “müharibə cinayəti” sayılması ciddi maraq doğurur.

Rafael Lemkin 1933-cü ildə “Dövlətlər hüququna zidd olan cinayətlər” kimi adlandırdığı halları “barbarlıq və vandalizm” üzərindən ifadə edirdi. Barbarlığın təməlində “etnik, dini ve sosial qrupları hədəf alma”, vandalizmin təməlində isə “mədəni sərvətləri hədəf alma, planlı və sistematik şəkildə məhv etmə” dururdu. Barbarlıq qavramı “soyqırım” ifadəsinin təməlini yaratdığı halda, vandalizm onun tərkibinə daxil edilmədi. Məhz təsadüfi deyildir ki, vandalizm 1948-ci il tarixli Konvensiyaya daxil edilməmişdir. Həmin məsələ 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması” haqqında Haaqa Konvensiyasında öz əksini tapmışdır. Beynəlxalq cinayət hüququnda hər nə qədər mədəni sərvətin məhv edilməsi soyqırım anlayışına daxil olsa da, 2016-cı il sentyabr tarixində bu cinayət müharibə cinayəti olaraq qəbul edildi.

1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə nəzər salaq. Soyqırım dedikdə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür. Maddənin dispoziyasından da göründüyü kimi, soyqırım anlayışı “mədəni sərvətlərin məhvi” anlayışını əhatə etməmişdir. Yəni, qanunvericiliyimizdə soyqırım anlayışı “milli, etnik, irqi və ya dini qrupları hədəf alma” ilə əlaqəlidir.

Silahlı münaqişə zamanı mədəni sərvətlərin məhvinə yönəldilmiş hərəkətlər müharibə cinayətidir. Müharibə cinayəti ən sadə ifadə ilə, silahlı münaqişə zamanı əsgər və ya sivil şəxslərin humanitar hüquq normalarına zidd hərəkətləri kimi ifadə olunur.

Ümumilikdə, müharibə cinayətləri 1949-cu il Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq konvensiyalarda sayılmışdır. Həmçinin, Roma Statutunda ən müfəssəl tənzimləmə müharibə cinayətlərinə dairdir. Roma Statutunun 8-ci maddəsində tənzimlənən bu cinayət tipinə dair əsasların müəyyənləşməsində adı keçən 1949-cu il tarixli Cenevre Konvensiyaları əsas götürülmüşdür.

Silahlı münaqişələrin dəyişən quruluşu səbəbilə mədəni sərvətlər hədəf alınmaqdadır. Bu münaqişələr zamanı mədəni sərvərlərin məhv edilməsinin məqsəd kimi qoyulmasında bir sıra səbəblər olduğu vurğulanır. Bunlardan birincisi, bu münaqişələr ərazi paylaşımından əlavə , “şəxsi” münaqişələr olmasıdır. Münaqişə tərəfinin tarixi və mədəni mirası onun kimliğinin bir parçası olduğundan “nifrət” hədəfidir . Bununla da mədəni sərvətlər yox edilərək, qarşı tərəf üzərində “psixoloji” hakimiyyət qurmağa çalışılır.

İkincisi, tarixi və mədəni sərvətlərin mənimsənilməsi, qanunsuz aparılması karlı bir iş olaraq görülür.

Üçüncüsü, bu cür aktların ümumilikdə, zəif dövlət nüfuzunun hakim olduğu və ya otokratik dövlətlər içində yaşanır olmasıdır.

Silahlı münaqişə zamanı mədəni sərvətlərin məhv edilməsinin müharibə cinayəti kimi tənzimlənməsinin ilk nümunəsi 1993-cü il tarixli Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin Statutudur. Statutun 3-cü maddəsində dini ve ya xeyriyyə məqsədli binalar, təhsil binaları, tarixi binalar və əsərləri qəsb etmə ve məhv edilməsi (seizure of, destruction or wilful damage) bir müharibə cinayəti olaraq tənzimlənmişdir. Digər bir nümunə isə 1994-cü il tarixli Ruanda Cinayət Məhkəməsi Statutudur.

Bunlardan əlavə, 1998-ci il tarixli Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunda həmin cinayətə dair daha geniş miqyaslı tənzimləmə edilmişdir. Müharibə cinayətləri ilə bağlı Statutun 8-ci maddəsinin 2-ci hissəsinin (b) bəndində göstərilən cinayətlər arasında mədəni sərvətlərə yönəlik cinayətlər göstərilib. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən silahlı münaqişə zamanı mədəni sərvətlərə vurulan zərərin “mədəni soyqırım” hesab edilməsi ilə baxışlar qəbul görməmişdir. Lakin, Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi mədəni sərvətlərə qarşı törədilən aktları soyqırım qəsdi olduğunu dəlil olaraq qəbul etmişdir.

Birinci dünya müharibəsindən sonra silahlı münaqişə zamanı mədəni dəyəri olan sərvətlərə qarşı törədilən cinayətlər üçün mühakimə həyata keçirilməmişdir. Buna baxmayaraq, İkinci Dünya Müharibəsi sonrasında nazilərin müharibə zamanı törətdikləri cinayətlərə dair qurulan Nürnberq Beynəlxalq Hərbi Tribunalı tərəfindən həyata keçirilən mühakimələr zamanı həmin məsələ ilə bağlı qərar qəbul etmişdir.

Alfred Rosenberg adlı şübhəli haqqında olan ittihamda həmin şəxsin Şərqi Avropa bölgələrinə soxularaq mədəni dəyər daşıyan binalara planlı və sistemli şəkildə hücumlar həyata keçirməsi irəli sürülmüşdür. 1946-cı ildə keçirilən məhkəmə araşdırması nəticəsində verilən qərarda ittiham olunan şəxs 1907-ci il Haaqa Konvensiyaları və 1919-cu il Məsuliyyət Komissiyasının hesabatına istinad edilərək ölümə məhkum edilmişdir. Sözügedən qərar 1954-cü il Haaqa Konvensiyasının hazırlanması üçün ilham qaynağı olduğu göstərilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilən əməl müharibə cinayəti hesab edilməklə, 116.0.8-1 – 116.0.8-3-cü maddələri ilə tənzimlənir:

– hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;

– mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;

– mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.

Bundan əlavə olaraq, 1907-ci il Haaqa Konvensiyasının 3-cü maddəsinə görə, münaqişədə iştirak edən dövlət özünün silahlı qüvvələrinin tərkibinə daxil olan şəxslər tərəfindən edilən hər hansı bir əmələ görə məsuliyyət daşıyır, eyni zamanda müharibə aparılması qanun və adətlərini pozmaqla digər tərəfə dəymiş zərəri ödəməlidir. Bələliklə, dövlət özünün orqan­la­rını və dövlət hakimiyyəti funksiyalarını həyata keçirən vəzifəli şəxslərin hərəkətlərinə görə, o cümlədən onun yurisdiksiyası altında olan şəxslərin qeyri-hüquqi hərəkətlərinə qarşı zəruri tədbirlərin görülməmə­si­nə görə məsuliyyət daşıyır.

Bir sıra ədəbiyyatlarda soyqırımın fiziki, bioloji və mədəni olmaq üzrə üç növü olduğu qeyd edilir. Lakin, burada mədəni soyqırım dedikdə, mədəni sərvətlərin məhvinə yönələn cinayət aktı kimi qiymətləndirilmir. Burada mədəni soyqırım dedikdə,qrup üzvlərinin adətlərini, mədəniyyətini, dinini unutması üçün basqı edilməsi, məktəblərin bağlanılması, qrup üzvlərinin öz dillərini istifadə etməsinin və ibadətlərinin qadağan edilməsi yönündə hərəkətlər kimi qiymətləndirilir.

Aysu Nəbizadə,

Hüquqşünas




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024