Mobil versiya
Laçın şəhərinin boşaldılması üçün ayrılan müddətin uzadılması dövlətimizin başçısının humanistliyinin daha bir nümayişi oldu
Tarix: 23-09-2022 | Saat: 15:33
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Laçın şəhərinin boşaldılması üçün ayrılan müddətin uzadılması dövlətimizin başçısının humanistliyinin daha bir nümayişi oldu

1990-cı illərin əvvəllərində, daha dəqiq desək 1992-ci və 1993-cü illərdə Ermənistan Kəlbəcər və Laçın rayonlarını işğal etməklə böyük strateji və eyni zamanda, mənəvi-psixoloji üstünlüklər əldə etmişdi. Ermənilər hesab edirdilər ki, artıq öz məqsədlərinə çatıblar və bu torpaqlarda əbədi yaşayacaqlar. Onların bu ümidləri, ilk növbədə, bütün dünyada olan havadarlarının dəstəyi və beynəlxalq təşkilatların proseslərə biganəliyi ilə bəslənirdi. İşğalın artıq ilkin mərhələlərində dünya ictimaiyyəti Azərbaycan ərazilərində ermənilərin törətdikləri vandalizm aktlarını, xalqımıza qarşı həyata keçirilən qırğınları və qətliamları susqunluqla qarşılayır və bununla da faktiki olaraq işğalçı rejimi yeni cinayətlərə təhrik edirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib.

O bildirib ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən geri qaytarılması Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilməlidir. İkinci Qarabağ müharibəsi ermənilərin və onların havadarlarının bütün planlarını əsaslı şəkildə pozdu. Şanlı Azərbaycan Ordusunun təzyiqi altında dözüm gətirə bilməyən erməni hərbi birləşmələri döyüş meydanında hərbi texnikalarını və yaralı əsgərlərini qoyaraq qaçırdı. Sentyabrın 21-də Laçın şəhərində etdiyi çıxışında dövlətimizin başçısı da bildirdi ki, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Ancaq Laçın şəhəri Azərbaycanın nəzarətindən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin mərkəzindən keçirdi. Lakin noyabrın 9-da aparılan danışıqlar nəticəsində dövlətimizin başçısının təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi.

“Laçın şəhərinin boşaldılması üçün ayrılan müddətin avqustun 5-dən 25-dək uzadılması da Prezident İlham Əliyevin humanistliyinin bir göstəricisidir. Şəhəri tam nəzarətə götürmək üçün, ilk növbədə, Ermənistanla Xankəndini birləşdirən nəqliyyat dəhlizinə alternativ yol çəkilməli idi. Azərbaycan bu işin öhdəsindən 1 il 8 aya gəldi. Lakin Laçında və işğal altında olan ətraf ərazilərdə qeyri-qanuni məskunlaşdırılmış ermənilər Prezident İlham Əliyevə müraciət edərək, köç vaxtını avqustun 25-nə qədər uzatmağı xahiş etmişdilər. Hər zaman olduğu kimi, dövlətimizin başçısı bu dəfə də insansevərlik prinsiplərinə sadiqliyini nümayiş etdirdi və Laçın şəhərinin boşaldılması üçün son tarixi avqustun 25-i olaraq müəyyən etdi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Bu, böyük əhəmiyyət kəsb edən tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Sentyabrın 21-də Prezident İlham Əliyev Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Artıq bu bayraq azad edilmiş digər ərazilərdə olduğu kimi, burada da əbədi dalğalanacaq”, - deyə A.Naxçıvanlı qeyd edib.

Deputat işğal dövründə Laçın şəhərinin də böyük dağıntılara məruz qoyulduğunu vurğulayaraq deyib ki, Azərbaycanın işğal altında olmuş bütün əraziləri misli görünməmiş talançılıq və vandalizmlə üzləşib. O cümlədən Laçın şəhəri də işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi, erməni vandalizminə məruz qalıb. Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri isə buna, sadəcə olaraq, göz yumurdular. Avqustun 26-da Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də nəzarətə götürülüb. Bu tarixi biz heç vaxt unutmamalıyıq.

“Dövlətimizin başçısının dediyi kimi, biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün dədə-baba torpaqlarımıza qayıtmışıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Azərbaycan Prezidenti isə həmişə deyirdi ki, xalqımız buna heç vaxt razı olmayacaq və məsələ sülh yolu ilə həll olunmasa, ölkəmiz bunu hərb yolu ilə həll edəcək. 2020-ci ilin sentyabr-noyabr aylarında dövlətimizin başçısının bu sözləri də öz təsdiqini tapdı. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu. Şanlı Ordumuz alınmaz qala sayılan Şuşanı azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd döyüş meydanında azad olundu. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur qaldı. Əgər düşmən bundan sonra da Azərbaycana qarşı təxribat törədəcəksə, bu zaman Şanlı Ordumuz onun layiqli cavabını verəcək. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Artıq heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilməz və bunu bütün dünya bilir”, - deyən Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024