Mobil versiya
2003-2020-ci illər Azərbaycan üçün həlledici savaşa hazırlıq dövrü olub
Tarix: 21-09-2022 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

2003-2020-ci illər Azərbaycan üçün həlledici savaşa hazırlıq dövrü olub

Ermənilər Azərbaycan torpaqlarında məskunlaşdıqları 200 il ərzində hər zaman xalqımıza qarşı dözümsüzlük nümayiş etdirib, düşmənçilik münasibəti bəsləyiblər. İstər ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar və qətliamlar, istərsə də insanlarımızın tarixi dədə-baba yurdlarından müxtəlif dövrlərdə zorla deportasiya olunma faktları bu düşmənçiliyin bariz təcəssümü olub.

O cümlədən ermənilər XX əsrin sonlarında sovet imperiyasının dağılması ilə əlaqədar bütün ölkəni bürümüş xaos və qarışıqlıqdan, həmçinin müstəqilliyimizin ilk illərində ölkədə hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyindən məharətlə istifadə edən ermənilər 1988-1994-cü illər ərzində Azərbaycanın beynəlxalq hüquq və konvensiyalarla tanınmış tarixi ərazilərinin 20 %-ni işğal etdilər. Qeyd etmək lazımdır ki, bu işğal faktı həm də erməniləri silahlandıran xarici havadarlarının dəstəyi sayəsində mümkün olmuşdu.

İşğal dövründə də ermənilər Azərbaycan xalqına qarşı amansız qətliamlar törətmişlər. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Təəssüflər olsun ki, həmin faciəvi hadisələr zamanı və ondan sonra II Qarabağ savaşının başladığı günə qədər dünyaya demokratiya dərsləri verməyi özlərinin az qala ilahi missiyası hesab edən bir çox beynəlxalq təşkilatlar bu hadisələrin qarşısını almaq üçün heç nə etmədilər. Əksinə, bu qurumların riyakarlığı təcavüzkarın bir qədər də azğınlaşmasına səbəb oldu. ATƏT-in Minsk Qrupu 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. İşğalçıya və işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi, beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən mötəbər beynəlxalq təşkilatı hesab olunan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə aciz qaldı. Bu qurumun Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində icra olunmamış qaldı. Bütün bu faktlar münaqişənin hərbi yolla həllini qaçılmaz etdi.

Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə aparmaq lazım gələcəyini öz müdrikliyi və uzaqgörənliyi ilə artıq çoxdan bilirdi. Vətən müharibəsindən sonra etdiyi çıxışların birində möhtərəm dövlət başçımız demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Artıq bu günün prizmasından geriyə baxdıqda aydın görünür ki, 2003-2020-ci illər Azərbaycan üçün öz torpaqlarını işğaldan azad etmək naminə başlamalı olacağı həlledici savaşa hazırlıq dövrü olub. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında təkmilləşdi, gücləndi və ən müasir silah və texnologiyalara sahibləndi.

Ermənilər isə bütün bu illər ərzində öz təxribatlarına davam edir, yeni ərazilər zəbt etmək üçün hazırlıqlar görür, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq, onların rahat yaşamasına imkan vermirdilər. Lakin zaman artıq Azərbaycanın xeyrinə işləyirdi. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Amma Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyalarını davam etdirdi. Erməni siyasətçiləri isə xalqımıza qarşı aşağılayacı və təxribatçı xarakterli bəyanatlar verməkdən belə çəkinmirdilər.

Nəhayət 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. 44 gün davam edən hərbi əməliyyatlar Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

Bu gün də Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, Azərbaycan Ordusu bu gün döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir və Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.

44 günlük Vətən müharibəsinin gedişində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların bütün dünyada olan havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bu qüvvələrin Cənubi Qafqazın daimi münaqişə ocağı kimi qalmasına və məhz marionet Ermənistanın regional lider kimi çıxış etməsinə hesablanmış planları alt-üst oldu. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz hər zaman bizim qürur mənbəyimizdir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024