Mobil versiya
Goranboyda vətəndaş dövlət idarələrini təhdid edir
Tarix: 09-09-2022 | Saat: 17:41
Bölmə:Media | çapa göndər

Goranboyda vətəndaş dövlət idarələrini təhdid edir

Bu günlərdə sosial şəbəkələrdə yayımlanan bir video-süjet diqqətimizi cəlb etdi. Görüntülərdə əks olunan binanın girişində üzərində “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsi Goranboy Elektrik Şəbəkəsi sözləri yazılmış lövhə bərkidilmişdi. Çəkiliş aparan vətəndaş qurumun işindən şikayət edir, baş vermiş hansısa qəza səbəbindən evində müəyyən elektrik-məişət cihazlarının sıradan çıxdığını və bu səbəbdən külli-miqdarda maddi ziyan çəkdiyini iddia edirdi. Bizə qəribə gələn bu oldu ki, şikayətçi vətəndaş nə özünü təqdim etmir, nə yaşadığı ünvanı açıqlamır, nə də öz görüntüsünü qeydə almır. İstənilən halda, süjet bizi maraqlandırdı və biz də məsələyə aydınlıq gətirmək üçün adı görüntülərdəki lövhədə yazılmış quruma, yəni Goranboy Elektrik Şəbəkəsinə müraciət etdik.

İlk növbədə idarədən təsdiq etdilər ki, videoda görüntüsü təqdim olunan bina həqiqətən də Goranboy Elektrik Şəbəkəsinin binasıdır. Süjetdə yer alan şikayətə gəlincə isə idarədən bizə aşağıdakı açıqlamaları təqdim etdilər.

Məlum oldu ki, görüntüləri qeydə alan və Elektrik Şəbəkəsinin fəaliyyətindən şikayət edən vətəndaş Goranboy şəhər sakini Ayaz Sadıqovdur. Vətəndaşın iddiasına görə, birinci dəfə bu ilin may ayında, ikinci dəfə isə sentyabr ayının 5-də Goranboy Elektrik Şəbəkəsinin xidmət göstərdiyi transformatordan gələn elektrik xətlərində nasazlıq səbəbindən iki dəfə qəza baş vermişdir ki, bunun da nəticəsində A.Sadıqovun evində iki soyuducu “yanaraq” sıradan çıxmışdır. Yəni şikayətçi deyir ki, birinci dəfə qəza baş verəndən sonra o, sıradan çıxmış soyuducunu yenisi ilə əvəz edib və bir neçə aydan sonra həmin hal yenidən təkrarlanıb.

Sorğumuza cavab olaraq Goranboy Elektrik Şəbəkəsində bildirdilər ki, A.Sadıqovun şikayətində qeyd olunan tarixlərdə, ilk dəfə may ayında həqiqətən də rayonda kəskin hava şəraiti səbəbilə Goranboy şəhər 2 saylı orta məktəbin ərazisində yerləşən 180kVa-lıq transformatordan gedən elektrik xətlərindən birində qısa qapanma baş vermişdir. Lakin transformatda quraşdırılmış və bu kimi hallar üçün nəzərdə tutulan qoruyucular dərhal ayrılaraq cərəyanı kəsmişlər. Bundan sonra A.Sadıqovun şikayəti nəzərə alınaraq onun və daha 15-ə yaxın ailənin yaşadığı küçədə elektrik xətləri dəyişdirilərək xüsusi izolyasiyalı kabellərlə yenidən çəkilib. İkinci hadisə bir neçə gün əvvəl, sentyabrın 5-də baş verib. Lakin bu dəfə xətlərdə qısa qapanma qeydə alınmayıb. Sadəcə axşam saatlarında yüklənmə kəskin artdığından transformatorun qoruyucuları ayrılıb və Şəbəkənin əməkdaşlarının müdaxiləsindən sonra çox qısa vaxt ərzində evlərə elektrik enerjisinin veriliçi bərpa olunub. Lakin Ayaz Sadıqov bu dəfə də evində elektrik avadanlıqlarının sıradan çıxdığı iddiası ilə şikayət edib. Bundan sonra Goranboy Elektrik Şəbəkəsinin əməkdaşları A.Sadıqovun yaşadığı küçədə elektrik xətlərinə növbəti dəfə baxış keçirərək detallı araşdırma aparıblar. Müəyyən olunub ki, küçədən keçən xətlərdə qısa qapanma, və yaxud da məişət elektrik avadanlıqlarının sıradan çıxmasına səbəb ola biləcək güclü enerji sıçrayışlarını yaradan hər hansı başqa qəza vəziyyəti baş verməyib. Həmçinin evləri A.Sadıqovun evi ilə eyni elektrik xəttinə qoşulan digər 15 nəfərə yaxın qonşular arasında aparılan sorğunun nəticələrinə görə də heç bir evdə analoji hal, yəni elektrik avadanlıqlarının sıradan çıxma halı qeydə alınmayıb. Şəbəkədən təqdim olunan məlumatda bir maraqlı məqam da budur ki, Ayaz Sadıqov ardıcıl iki soyuducusunun xarab olduğunu iddia etsə də, onlardan heç birini araşdırma aparan əməkdaşlara təqdim etməyib. Əməkdaşların isə aydındır ki, vətəndaşın icazəsi və ya dəvəti olmadan onun evinə girməyə hüquqları yoxdur.

İndi bu məsələ artıq neçə müddətdir ki, ictimailəşib. Ayaz Sadıqovun əsl məqsədi Goranboy sakinlərinin əksəriyytəi üçün hələ də müəmma olaraq qalır. Amma bu vəziyyət Goranboy Elektrik Şəbəkəsinin, eləcə də Ayaz Sadıqovun ardıcıl şikayətlərlə müraciət etdiyi digər dövlət qurumlarının əməkdaşları üçün böyük narahatlıq yaradır. Bizə də maraqlıdır, görəsən bu vətəndaş getdiyi qurumların onsuz da gərgin olan iş rejimlərini öz əsassız müraciətləri ilə pozmaqla hansı məqsədləri güdür?

Elbrus Bağırov
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024