Mobil versiya
Qənirə Paşayeva: İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində çox önəmli yerə sahibdir
Tarix: 09-09-2022 | Saat: 15:56
Bölmə:Media | çapa göndər

Qənirə Paşayeva: İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində çox önəmli yerə sahibdir

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri və sentyabrın 2-də keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir neçə aspektdən əlamətdardır. İtaliya uzun illərdir, Azərbaycanın xarici ticarət dövriyyəsində çox önəmli yerə sahibdir. Ölkəmizdən ixrac olunan məhsulların təqribən 21 faizi İtaliyanın payına düşür. Son 5 ildə iki ölkə arasında ticarət əlaqələri müsbət dinamika üzrə inkişaf edir.

Bu fikirləri açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Azərbaycanın İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkə olduğunu qeyd edən komitə sədrinin sözlərinə görə, məlum iki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Respublikası müstəqil dövlət olaraq Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürüb. Bu borulardan biri Türkiyənin Aralıq dənizi sahilindəki, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limanına qədər uzanır. Azərbaycan bu borular vasitəsilə Qara dəniz və dünya bazarlarına təchizatı şaxələndirmək imkanı əldə etdi.

“Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malik olması ilə də seçilir. Burada Azərbaycan dövlətinin nümayiş etdirdiyi siyasi iradəni və ölkəmizin qazandığı etibarlı tərəfdaş imicini də özəlliklə vurğulamalıyıq. Yəni üç boru kəmərindən təşkil olunan, inteqrasiya edilmiş sistemdən ibarət Cənub Qaz Dəhlizi – 3500 kilometr uzunluğundakı bu mürəkkəb texniki infrastruktur (Cənub Qafqaz boru kəməri, TANAP boru kəməri və TAP boru kəməri) nəhayətdə İtaliyaya qədər uzanır. TAP (Trans-Adriatik Boru kəməri; Gasdotto Trans-Adriatico) özü 867 kilometr uzunluğa, 10-20 milyard kubmetr/il ötürücülüyə malikdir. TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya (və daha sonra Qərbi Avropaya) nəql edən boru xəttidir. TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın nəqli sayəsində Avropada təxminən 7 milyon ailə enerji ilə təmin edilir.

Prezident İlham Əliyevin 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusundakı çıxışı zamanı dediyi kimi, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. İtaliyanın aparıcı üzvü olduğu Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə Aİ-yə daxil olan bütün ölkələr üçün böyük perspektivlər açılır”, - deyə Q.Paşayeva bildirib.

Komitə sədri qeyd edib ki, İtaliyanın aparıcı üzvlərindən olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoquna yalnız təbii qaz deyil, habelə enerji bazarının digər seqmentləri də daxildir. Bura, əsasən elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində külək, Günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bunun üzərinə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat təşkil edən bərpaolunan enerji sahələrinin potensialını da gəlsək, respublikamızın sözügedən sahədəki önəmli potensialı, mövqeyi çox şeyi ifadə edir.

Ölkələrimiz arasında önəmli əməkdaşlıq istiqamətlərindən birinin təhsil sahəsi olduğunu diqqətə çatdıran Qənirə Paşayeva deyib: “Müstəqil ölkə olaraq, xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Dövlətimizin başçısının dediyi kimi biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün bütün imkanlar yaradılıb və biz daha da güclənəcəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024