Mobil versiya
Bu pulu axı kimin üçün yığırıq?
Tarix: 24-05-2016 | Saat: 21:17
Bölmə:Aia TV | çapa göndər

Bu pulu axı kimin üçün yığırıq?





Bizim cəmiyyətdə insanlara elə gəlir ki, varlı-dövlətli adamların heç bir problemi olmur, onlar dünyanın xoşbəxtidir. Oturub-durub onlara bəxtəvərlik oxuyurlar, hətta ürəklərində nifrət də eləyirlər. Bəlkə də, pulsuzluq onların rahatlığını əlindən alır, arzuladıqları əlçatmaz olur deyə elə düşünürlər ki, pulları olsa, həyatlarında hər şey tam olacaq, bütün olacaq. Bütün olmamaq isə onları aqressivləşdirir. Bu aqressiyaya da bir obyekt tapmaq lazımdır hökmən. Yoxsa çətin olur...

Varlılar da deyirlər ki, yox, çox pulun çox dərdi var. Bəs kim haqlıdır?

Həmişə filmlərdə bizə göstərirlər ki, pulu başından aşan ailələrin min bir dərdləri olur. Onlar üçün çox vaxt isti yuva, rahat, sakit həyat uzaq və şirin bir yuxu kimi görünür.

Əslində isə belədir: Yaşamağa, nəfəs alıb-verməyə yox, yaşamağa vaxt yoxdur, pul qazanmağa isə vaxt lazımdır...

Alber Kamü yazırdı: "Xoşbəxt olmaq üçün vaxt lazımdır, həm də çox vaxt. Biz vaxtımızın çoxunu pul qazanmaq üçün sərf edirik, halbuki pul bizə vaxt udmaq üçün lazımdır".

Mən gözəl başa düşürəm ki, varlıların çoxu hər hansı bir xoşbəxtlik hissindən məhrumdur. Ancaq məsələ bunda deyil. Pulun olmağı vaxtın olmağı deməkdir. Axı vaxt həm də pulla alınır.

Əsas problem bundan ibarətdir: Bizi xoşbəxt eləyən nə varsa, onları əldə eləmək üçün pul lazımdır. Bizim dostlarla gəzintiyə çıxmaq üçün, sevdiyimiz tamaşaya getmək üçün, sevimli şəhərimizə səyahət etmək üçün, sevdiklərimizə hədiyyə almaq üçün, darda olan dostlarımıza kömək eləmək üçün pulumuz olmalıdır. Pulu qazanmaq üçün isə o qədər vaxt sərf eləyirik ki, sadaladığım arzulara çatanda sevinməyə heyimiz qalmır.

Belə məqamlarda bizim həmişə hazır təsəllimiz olur: Narahat olmağa dəyməz, hələ gəncik, şair demiş, hələ bədr olmamış hilalımız var, indi, enerjili vaxtımızda çox işləyək, pul qazanaq, ev-eşik düzəldək, 30-dan sonra ayağımızı uzadıb dincələrik. Belə kef eləyərik özümüz üçün. Yenidən fikirlər aləmindən ayılıb, özümüzü veririk işə. Çabalayırıq, çabalayrıq... Bir də görürük yaş otuz, heç nəyin yiyəsi deyilik.

Başlayır depressiya! Neçə gün özümüzə qapanırıq, günlərlə ağlayırıq, həyat yoldaşımızın, uşaqlarımızın üzünə baxmağa belə həvəsimiz olmur. Belə ağır günlərdə yenidən xəyallar, arzular köməyimizə çatır. Deyirik, əşi, otuz nə yaşdır? Camaat bu yaşda hələ yeni ailə qurur, haydı qırxa kimi yenidən işləmək, çalışmaq, dişimizlə-dırnağımızla nələrsə eləmək! Sonra öz-özümüzə düşünürük ki, qırx niyə, 35 olsun. Bu dəfə məqsədimizə çatmaq üçün beş il bəsdir bizə! Vaxtı qısaltmağımız bizi elə sevindirir ki, ötən illəri vecimizə almayıb yenidən həyatla döyüşə atılırıq. 35 yaşın astanasında özümüzə ev qurmaq istəyəndə məlum olur ki, atamız xəstədir, onu təcili əməliyyat elətdirmək lazımdır. Qəpik-qəpik yığdığımız pul gedir işinin dalınca!

Yenə təsəlli, yenə toxtaqlıq: Əşi, atadır, valideyndir, əziyyət çəkib, bizi böyüdüb, Allah görür bütün əziyyətlərimizi. Mükafatını verər. Eybi yox, 40-da kama yetərik.

Gəlib çatırıq 40-a, gənclik gedib, əsəblər xarab olub, uşaqlar özümüz boydadır, nəinki onları, heç özümüzü də yer-yurd eləyə bilməmişik...

Bu dəfə isə iztirabın başqa mərhələsi başlayır. Gözlərimizdə Trierin "Doqvill" filmində hər gün zorlanan qızın (Nikol Kidman) gözlərindəki ifadə yaranır. Baxırıq, baxırıq, eləcə baxırıq...

...Və ömür bitir...


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024