Mobil versiya
Azərbaycanlı xanım sürüclərlərlə bağlı problemlər (VİDEO)
Tarix: 24-05-2016 | Saat: 16:28
Bölmə:Şou-biznes | çapa göndər

Azərbaycanlı xanım sürüclərlərlə bağlı problemlər


Əvvəlki illərlə müqayisədə xanım sürücülərin sayında artım var. Aia.az apatv-yə istinadən xəbər verir ki, müşahidələr göstərir ki, onların bu sahədə özlərinə inamı kifayət qədər yüksəkdir. Amma zərif cinsin nümayəndələri bəzən müəyyən məqamlarda çətinliklə qarşılaşır və nə edəcəklərini bilmirlər. Xüsusi ilə söhbət avtomobildə yaranan texniki nasazlıqdan gedirsə…

Deyilənə görə, xanımlar avtomobili kişilərdən daha səliqəli idarə edirlər. Avtomobildə hər hansı nasazlıq yaranarsa, yaxud elə vaxtı-vaxtında texniki müayinədən keçmək baxımından xanımların nə dərəcədə məsuliyyətli olduğunu öyrənmək üçün avtoservis mərkəzlərinə üz tutduq.

Təbii ki, xanımların avtomobilə qarşı nə dərəcədə diqqətli olduqlarını ən yaxşı ustalar bilər. Onlardan biri də İldırım ustadır. O, 8 ildir ki, avtomobil servisi mərkəzində mühərrik ustası və çilingər kimi çalışır. Deyir ki, xanımlar kişilərə nisbətən daha məsuliyyətlidirlər. Servisə vaxtı-vaxtında müraciət edirlər. Amma usta xanımların avtomobilə fərdi şəkildə qulluq edə biləcəklərinə inanmır: "İnanmıram ki, xanımlar avtomobildə hər hansı təmir işini həyata keçirə bilsinlər. Kimsə kömək edə bilər. Xanımların avtomobil barədə anlayışları o qədər güclü deyil. Qış aylarında avtomobilin rezin hissələri tez-tez sıradan çıxdığı üçün bununla bağlı müraciət çox olur. Ümumiyyətlə, rezin və stabilizatorla bağlı müraciətlər daha çoxdur”.

Elektrik diaqnostika ilə məşğul olan Ceyhun usta isə bildirib ki, xanımlara hər hansı məsələni izah etmək çətinlik törətsə də, buna müəyyən dərəcədə olsa da, nail olurlar. O da xanımların avtomobilə qulluğundan razıdır: "Xanımlara avtomobil haqda nə isə izah etmək çətindir. Elə də anlayışları olmur. Amma sonda başa sala bilirik. Xanımlar avtomobilə səliqəli baxırlar”.

Digər avtoservis mərkəzində çalışan Murad usta isə xanımların avtomobilə qulluğundan o qədər də razı deyil. O qeyd edib ki, zərif cinsin nümayəndələri hətta ən xırda məsələ üçün belə ustaya müraciət edirlər: "Xanımlar cədvəl üzrə servisə gəlməyə riayət etmirlər. Adətən, avtomobilə kişilərdən daha pis baxırlar. Həm təmizlik, həm servis, həm də qulluq baxımından… Ən çox şüşəsilənin suyu qurtarır, kapotu açıb su tökməyə baxmırlar, servisə gəlirlər ki, suvuran işləmir. Amma sadəcə su qurtarmış olur. Xanımlar problemin nədən ibarət olduğunu ətraflı şəkildə öyrənməyə çalışsalar da, demək olar ki, buna tam müvəffəq ola bilmirlər”.

Müştərilərlə iş üzrə xidmət meneceri Nicat Rüstəmov isə bildirib ki, paytaxtda peşəkar xanım sürücülərlə nisbətən zəif xanımların sayı eynidir: "Əvvəlki illərdə demək olar ki, avtomobilə baxmırdılar. Amma son illər keyfiyyət artıb. Müştəridən müştəriyə fərq var. Hər xanım avtomobilə eyni dərəcədə yanaşmır. Müştərilərin yarıdan çoxu avtomobilə yaxşı qulluq edir. Bəzi xanımlar isə avtomobildən sadəcə rahatlıq üçün istifadə edir. Belə xanımların avtomobillərində hər hansı problem yarananda bu onları qorxudur”.

Bəs görəsən, xanımlar özləri bu haqda nə düşünürlər? Avtomobildən sadəcə nəqliyyat vasitəsi kimi istifadə etməklə yanaşı, ona lazımi qulluğu göstərə bilirlərmi?

Reyhan xanım 3 ildir ki, avtomobil idarə edir. Deyir ki, zəruri tədbirlərin hər birinə özü şəxsən nəzarət edir: "Vaxtı-vaxtında yağ dəyişməsini, filtr dəyişməsini edirik. Maşına ciddi nəzarət lazımdır. Şəxsən mən məsuliyyətliyəm. Servisə vaxtında gəlirəm. Baxış keçirilir. Nəyisə dəyişmək lazımdırsa, dəyişirlər. Hələ ki, hər şey normaldır”.

Digər bir xanım sürücü isə hesab edir ki, bir çox amillər avtomobilin köhnə yaxud yeni olmasından asılıdır. Yeni avtomobilin problemi az olur, üstəlik, servis xidməti zamanı gələndə müştərini texniki baxışa dəvət edir. Yox əgər avtomobil köhnədirsə, bu, sürücünü daha məsuliyyətli olmağa vadar edir: "Biri var işlənmiş avtomobil alasan, biri də var təzə. Avtomobil salondan götürülübsə, servis xidməti müştərilərə zamanı gələndə xəbərdarlıq edir. İstər-istəməz müştəri də getməli olur. Bu, zəmanətdir. İşlənmiş avtomobil alanda məsuliyyət artır. Gərək, avtomobili vaxtı-vaxtında servisə göstərəsən. Yolda qalsam, benzin doldurmaqdan başqa heç nə bacarmıram”.

Sonda isə kişi və ya xanım olmasından asılı olmayaraq, hər kəsə diqqətli və məsuliyyətli olmağı, xüsusi ilə yolda qalmamaq üçün avtomobilə vaxtı-vaxtında lazımi qulluq göstərməyi tövsiyə edir, hər kəsə yolunuz açıq olsun deyirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024