Mobil versiya
İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir
Tarix: 23-07-2022 | Saat: 13:34
Bölmə:Seçki 2024 | çapa göndər

İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan yürütdüyü müstəqil siyasətlə xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. Eləcə də Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər də təqdir edilir. Son vaxtlar Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlığında yeni mərhələnin başlanması da bu prosesin tərkib hissəsidir

Azərbaycanla Avropa İttifaqı arasında yüksəksəviyyəli münasibətlər və əməkdaşlıq mövcuddur. 2018-ci ildə tərəflər arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar açıb. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu hər zaman yüksək qiymətləndirib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıq Avropa İttifaqı tərəfindən də təqdir edilir. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli Brüssel görüşləri, aparılan danışıqlarda qalib ölkə kimi Azərbaycanın diktəsinin qəbul edilməsi də bir daha təsdiqləyir. Görünən odur ki, bu qurum tarixi zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində neytrallığı qorumaq şərti ilə vasitəçilik etmək istəyir.

Onuda qeyd edək ki, Şarl Mişellin təşəbbüsü ilə son 2 ildə Brüsseldə İlham Əliyevlə 3 görüş keçirilib. Bu görüşlərdə Azərbaycanın regionda yaratdığı reallıq təqdir edilib və Aİ sülhün, təhlükəsizliyin təmin olunması prosesində İlham Əliyevə dəstəyini nümayiş etdirib. Görüşdə Avropanın ererji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun getdikcə artdığı da vurğulanıb. Həmçinin məğlub ölkənin baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması istiqamətində İlham Əliyevin irəli sürdüyü 5 təklifi də qəbul etdiyini açıqlayıb. 

İyulun 18-də isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri, aparılan danışıqlar, imzalanmış yeni memorandum ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu mötəbər beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Bu bir həqiqətdir ki, İlham Əliyev hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib. Bu gün də bu qətiyyətli siyasət davam etməkdədir.

İyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən İlham Əliyevin bu qurumun son illərdə ölkəmizə qarşı tutduğu mövqeyə münasibət bildirərkən səsləndirdiyi qətiyyətli fikirlər deyilənləri bir daha təsdiqləyir. Həmin görüşdə Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xəttlə inkişaf edən əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirən Prezident Avropa Parlamentinin qərəzli mövqeyinə etirazını ifadə etdi.

Yeri gəlmişkən, Prezident diqqətə çatdırdı ki, Vətən müharibəsindən sonra Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı ittihamlar səsləndirilib və yalan məlumatlar yayılıb. Bu da təbii ki, narahatlıq doğurmaya bilməz.  Çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilib. Prezidentin söylədiyi kimi, bu da həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir. Hansı ki, müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən Qarabağ və Şərqi Zəngəzura çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Bir daha bəlli olub ki, işğal zamanı Azərbaycana məxsus 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Amma bu barədə bir söz belə deyilmir. Bu da AP-nin qərəzli mövqeyini ortaya qoyur. Həmçinin həmin qətnamələrin AP-də deyil, Ermənistan parlamentində qəbul edildiyi fikri formalaşır. 

İlham Əliyev bir daha Azərbaycanın mövqeyini açıqlayaraq qeyd edib ki, ölkəmiz Avropa ilə yaxın münasibətlər qurmaq istəyir və son görüşlər, imzalanan sənədlər  bunun bariz təcəssümüdür. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər. Göründüyü kimi, milli maraqlarımızın keşiyində duran İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi tənqidi fikirlər bu qurumda zaman-zaman ayrı-ayrı lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdığı təxribatlara, qəbul olunmuş qeyri-obyektiv sənədlərə münasibətdir. Prezidentin də söylədiyi kimi, Azərbaycan Avropa Parlamenti ilə də sağlam və qarşılıqlı faydalı əsasda münasibətləri inkişaf etdirməyə hazırdır. Amma bu qurum Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı yolunda problem yaratmamalıdır, ilk növbədə ümumavropa maraqlarından çıxış etməli, Avropa İttifaqının portnyorları ilə konstruktiv münasibətlər formalaşdırmalı və inkişaf etdirməlidir.
 
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər mühüm tərəfdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu isə bu sahədə əməkdaşlığın daha da yüksək səviyyəyə çatmasına əhəmiyyətli töhfədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın reallaşdırdığı böyük layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişib, enerji təhlükəsizliyi məsələləri hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıyır. İmzalanan memorandum isə gələcək üçün mühüm yol xəritəsi hesab edilir. Həmçinin Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Bu da bir daha təsdiq edir ki, münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olunacağına heç bir şübhə yoxdur.

Ən əsası, İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsi olmaqla yanaşı, Azərbaycanla Avropa İttifaqı arasında siyasi və ticari əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024