Mobil versiya
Milli mətbuatımızın 150 illik salnaməsi, “Əkinçi”nin işığı və bir xalqın oyanışı
Tarix: 17-07-2025 | Saat: 19:24
Bölmə:Siyasət | çapa göndər

Milli mətbuatımızın 150 illik salnaməsi, “Əkinçi”nin işığı və bir xalqın oyanışı

Ulu Öndər Heydər Əliyev deyib: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Cənab Prezident İlham Əliyev isə bildirib ki, “Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.” 1875-ci il iyulun 22-də Azərbaycanın görkəmli ziyalısı, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti milli mətbuat tariximizin təməl daşı oldu. Cəmi 56 sayı çıxsa da, “Əkinçi” xalq arasında maarifçilik ideyalarını yaymaq, milli özünüdərki gücləndirmək, azadlıq ruhunu aşılamada əvəzsiz rol oynadı. Bu qəzet sadəcə bir nəşr deyil, bir millətin öz kimliyini dərk etmə yolunda ilk cəsarətli addımı idi. Maarifçilik missiyası və milli oyanışda bu qəzetin xidməti danılmazdır. Çar senzurası “Əkinçi”nin fəaliyyətinə son qoydu, lakin onun qoyduğu yol azad fikrin yeni tribunalarına qapı açdı. “Ziya”, “Füyuzat”, “Həyat”, “Molla Nəsrəddin”, “Açıq söz”, “İrşad” və onlarla digər nəşr maarifçilik hərəkatının daşıyıcısına çevrildi. Bu qəzet və jurnallar milli ədəbi dilin inkişafına, istiqlal məfkurəsinin formalaşmasına, milli şüurun yüksəlməsinə güclü təkan verdi. Rus dilində nəşr edilən “Kaspi” qəzeti də Zərdabinin ideyalarını davam etdirərək, milli mətbuat salnaməsində öz layiqli yerini tutdu. Azad mətbuatın bərqərar olması isə Ulu Öndərin iradəsi ilə bağlıdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük islahatlar milli mətbuat tarixində dönüş nöqtəsi oldu. Senzura aradan qaldırıldı, söz və məlumat azadlığı prinsipləri möhkəmləndi. 1998-ci ildə hərbi senzuranın, ardınca isə bütün KİV üzərində dövlət senzurasının ləğvi azad mətbuatın təməl prinsiplərini gücləndirdi. Ulu Öndərin mətbuata göstərdiyi xüsusi diqqət, jurnalistlərin sosial müdafiəsi üçün həyata keçirilən tədbirlər müasir medianın bünövrəsini yaratdı. Cənab Prezident İlham Əliyevin bu sahədə davam etdirdiyi dövlət siyasəti də olduqca önəmlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” medianın müstəqilliyinin möhkəmləndirilməsi, peşəkarlığın artırılması, obyektiv və qərəzsiz informasiya siyasətinin qurulması üçün böyük imkanlar yaratdı. Dövlət başçısının mətbuata münasibəti hər zaman xüsusi diqqət və etimada əsaslanıb – jurnalistlərə sosial dəstək, ipoteka güzəştləri, media subyektlərinə vergi azadolmaları, ardıcıl yardımlar bunun bariz nümunəsidir. Medianın sürətlə inkişaf etdiyi dövrdə qanunvericiliyin təkmilləşdirilməsi zərurət idi. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə “Medianın İnkişafı Agentliyi” yaradıldı. Elə həmin il qəbul olunan “Media haqqında” Qanun da peşəkar jurnalistikanın dəstəklənməsi, milli media məkanının sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin təmin olunmasına yönəldi. Bu addımlar Azərbaycan mediasının dünya informasiya məkanında daha güclü təmsil olunmasına şərait yaratdı. Rəqəmsal dövr milli mətbuatımız üçün yeni imkanlar açdı. Onlarla internet qəzet, sosial media layihəsi, rəqəmsal platformalar həm cəmiyyətin maariflənməsinə, həm də Azərbaycanın qlobal informasiya şəbəkəsində layiqli təmsilinə xidmət edir. Bu, artıq milli medianın yalnız ölkə daxilində deyil, beynəlxalq auditoriyaya çıxış imkanlarını da artırıb. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində öz peşəkarlığını, qətiyyətini və vətənpərvərliyini bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin beynəlxalq KİV-ə verdiyi müsahibələr dünyaya Azərbaycan həqiqətlərini çatdırdı. Milli mətbuat bu həqiqətlərin yayılmasında, xalqın birliyini, əzmini möhkəmləndirməkdə əvəzsiz rol oynadı. Milli mətbuatın əsrlərdən gələn ənənələri hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, cəmiyyətin maariflənməsinə, saxta və yalan məlumatlarla mübarizəyə xidmət edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, söz və mətbuat azadlığı demokratiyanın fundamental şərtidir, və bu prinsip dövlət siyasətində daim prioritet mövqedədir. 2020-ci ildə imzalanmış media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın mediası arasında sıx tərəfdaşlığın əsasını qoydu. Bu əməkdaşlıq beynəlxalq təbliğat fəaliyyətində birgə mövqelərin gücləndirilməsinə, dezinformasiyaya qarşı mübarizəyə, ortaq layihələrə geniş imkanlar açdı. Cənab Prezident İlham Əliyevin fərmanı ilə təsis olunmuş “Azərbaycan Respublikası milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı dövlətin milli mətbuata və jurnalistlərə yüksək dəyərinin bariz nümunəsidir. Eyni zamanda milli mətbuatımızın tarixinə, sabahına verilən ədalətli qiymətdir. 150 illik milli mətbuat tariximiz – azadlıq, müstəqillik, milli ideyaların, dövlətçilik dəyərlərinin təbliği və müdafiəsi ilə dolu zəngin bir salnamədir. Bu salnaməni yazanlar isə qələmini həqiqətə, Vətəninə və xalqına həsr edən, milli maraqları uca tutan fədakar Azərbaycan jurnalistləridir.


Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2025