Mobil versiya
Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır.
Tarix: 05-07-2022 | Saat: 10:25
Bölmə:Seçki 2024 | çapa göndər

Bandunq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır.

Hərəkatın yaranma tarixi: 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur.

Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.
Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Qoşulmama Hərəkatına üzvlük proseduru: QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir.
Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.
Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
Azərbaycanın QH-yə sədrliyi dövründə nazirlər səviyyəsində bir sıra tədbirlər keçirilmişdir. Pandemiya şəraitindən irəli gələn məhdudiyyətlər səbəbindən həmin tədbirlər virtual formatda baş tutmuşdur. Belə ki, 20 may 2020-ci il və 24 may 2021-ci il tarixlərində QH üzv dövlətlərinin səhiyyə nazirlərinin görüşləri, 9 oktyabr 2020-ci il tarixində (BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində) QH dövlətlərinin xarici işlər nazirlərinin iclası və 4 iyun 2021-ci il tarixində Hərəkata üzv dövlətlərin əmək nazirlərinin görüşləri keçirilmişdir.
Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Tədbirlər Hərəkatın tarixində ilk dəfə olaraq təşkil edilmiş və pandemiyadan irəli gələn məhdudiyyətlər səbəbindən virtual formatda baş tutmuşdur. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması. 4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. Gənclər şəbəkəsinin təsis edilməsi Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınmışdır. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə həlli imkanları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə etmşdir. Şəbəkəyə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcəkdir.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunması. 26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolunu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir. Şəbəkənin görüşlərinin əsasən Parlamentlərarası İttifaqın (IPU) iclasları çərçivəsində keçirilməsi nəzərdə tutulur.
QH-nin Parlamentarilər Şəbəkəsinin təsis edilməsi QH sədrliyimizin Hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir.
11-12 oktyabr 2021-ci il tarixlərində Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə 100-dən artıq nümayəndə heyəti, o cümlədən 6 dövlət və ya hökumət başçısı, QH üzv və müşahidəçi dövlətlərinin, o cümlədən xüsusi qonaq qismində dəvət olunmuş dövlətlərin 50-dən artıq xarici işlər naziri, BMT Baş Assambleyasının sədri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi daxil olmaqla beynəlxalq təşkilatların rəhbər şəxsləri geniş şəkildə iştirak etmiş, BMT Baş Katibi tərəfindən video-müraciət ünvanlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin açılış nitqində təsis edilməsindən bəri Hərəkatın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rol vurğulanmış, QH-nin əsasını təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilmiş, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, digər dövlətlərin daxili işlərinə qarışmama kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və əhəmiyyəti vurğulanmışdır.

Azərbaycanın sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə 2011-ci ildə QH-yə qoşulması və qısa müddət ərzində Hərəkatın liderlərinin yekdil qərarı ilə QH sədri seçilməsi haqqında məlumat verən Dövlət Başçısı, Azərbaycan sədrliyinin prioritetləri və onların həyata keçirilmə statusu haqqında danışmış, həmçinin QH sədri qismində COVID-19 pandemiyası ilə bağlı irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslər barədə iştirakçıları məlumatlandırmışdır.

Şahirə Həsənova,
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhid
Alı adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024