Mobil versiya
Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazası getdikcə möhkəmlənir
Tarix: 04-07-2022 | Saat: 12:37
Bölmə:Seçki 2024 | çapa göndər

Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazası getdikcə möhkəmlənir

Xəzər dənizinin mövcud olduğu Şimal-Qərbi Asiya Avrasiya məkanının mərkəzində yerləşir. Böyük həcmdə neft və təbii qaz ehtiyatlarına sahib olması regional və beynəlxalq aləmdə diqqətlərin Xəzər hövzəsinə yönəlməsinə səbəb olmuş, bu da öz növbəsində kifayət qədər qarışıq geosiyasi vəziyyətin meydana çıxması ilə nəticələnmişdir. Bu səbəbdən bölgənin zəngin karbohidrogen yataqlarının aşkar edilib istifadəyə verilməsində beş Xəzəryanı ölkə ilə yanaşı bir çox beynəlxalq aktorlar da təsir qüvvəsinə malik ola biliblər.
Bu mənada Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında etdiyi çıxışında da bildirdi ki, çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Məlum olduğu kimi, Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmizin iştirakçısı, bir çox hallarda isə həm də təşəbbüskarı olduğu beynəlxalq layihələr Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Ölkəmizin sahib olduğu tranzit potensialı və ondan istifadənin uğurla həyata keçirilməsi sahəsində yürüdülən siyasət qeyri-neft sektorunun da inkişafına ciddi təkan verir. Buna səbəb Azərbaycanın Şimal-Cənub, və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, əlverişli coğrafi mövqe vəhəyata keçirilən nəqliyyat infrastrukturu layihələri və proqramlarıdır. Azərbaycan hər zaman Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərib. Xüsusilə Yeni Ələt Beynəxalq Dəniz Ticarət Limanının tikintisinin başa çatması bu marşrutun səmərəliliyini daha da artırmış, logistika imkanlarını genişləndirmişdir. Həmçinin Zəngəzur dəhlizinin reallaşması isə quru yolu üzrə tranzit yüklərin daşınması, habelə komunikasiya əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, məhz bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Birmənalı olaraq demək lazımdır ki, Xəzər dənizi üzrə görülən işlər, bağlanmış sazişlər region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Məhz bunları nəzərə alaraq Prezident İlham Əliyev vurğuladı ki, gələcək əməkdaşlığın daha da dərinləşməsi üçün qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa və təhlükəsizliyə üstünlük verilməli, xəzərin bioloji ehtiyatlarında səmərəli istifadə olunmalıdır. İlk növbədə tələb olunan odur ki, investisiya mühiti yaxşılaşdırılmalı, etibarlı və təhlükəsiz kommunikasiyalar qurulmalıdır. Sahilyanı dövlətlər yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması kimi vəzifələri tezliklə həll etməlidirlər. Həqiqətən də bu gün biz Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazasının ketdikcə möhkəmləndiyini müşahidə edirik. Artıq bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi və bir çox digər mühüm istiqamətlərdə sazişlər imzalanıb və qüvvəyə minib. Həmçinin əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş aparılır. Bu, çox önəmli göstəricidir və Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından ən mühüm amillərdəndir.
VI Zirvə Toplantısında cənab Prezident İlham Əliyevin dərin təhlilə və qarşılıqlı əməkdaşlığın prinsiplərinə sökənən çıxışı bir daha göstərdi ki, bu gün Azərbaycanın regional siyaətdə özünəməxsus yeri olmaqla yanaşı, bir çox sahələrdə aparıcı mövqeyə sahib olması reallıqdır. Azərbaycanın sərgilədiyi mövqe və həyata keçirilən layihələr həm regional, həm də qlobal tranzit yollarının, nəqliyyat dəhlizlərinin inkişafına, həm də Xəzər dənizinin bioloji ehtiyatlarının qorunamsına, ekoloji cəhətdən səmərəli istifadəsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə imkan verəcəkdir.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024