Mobil versiya
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının əsası qoyuldu
Tarix: 24-06-2022 | Saat: 20:18
Bölmə:Media | çapa göndər

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının əsası qoyuldu

Ötən əsrin doxsanıncı illəri xalqımız üçün bir tərəfdən ağrı-acılı, məşəqqətli və məhrumiyyətli keçsə də, digər tərəfdən də milli maraqlar baxımından əldə etdiklərimiz də az olmamışdır. Çünki həm dövlət müstəqilliyimizi bərpa etmişdik, həm bu şərəfli yolda dost və düşmənin kim olduğunu bir daha dəqiqləşdirmişik, həm də xalqımızın çətin məqamda qətiyyət göstərmək, doğru seçim etmək kimi ali keyfiyyətləri ortaya çıxmışdır. Həmin illərdə qazandığımız ən böyük uğurlardan biri isə xalqına sahib çıxan və məhvolmaqdan xilas edən Ümummilli liderin qədrini bilməyimiz idi. Xalq həmin illərdə Heydər Əliyevin qədrini bilməsəydi, hər addımda onun müdrikliyindən bəhrələnməyə çalışmasaydı, bugünkü uğurlarımızın heç birinə çata bilməzdik. Ulu öndərin böyüklüyü isə təkcə Vətəni sevməklə, canı-qanı ilə Azərbaycana bağlı olmaqla bitmirdi. Onun böyüklüyü həm də xalqın səsinə, çağırışlarına cavab vermək, bütün məqamlarda millətin yanında olmaq, ondan nicat gözləyən insanlara dərhal kömək etmək kimi ali insani keyfiyyətlərlə ifadə olunurdu.

1991-ci ilin oktyabrında bərpa etdiyimiz dövlət müstəqilliyimiz də həmin taleyi yaşamaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycan torpaqlarının işğalını genişləndirirdi. Belə bir şəraitdə Azərbaycan xalqı sınanmış lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını daha böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Xalq Heydər Əliyevin necə böyük bir qüvvə olduğunu, Azərbaycanı mövcud bəlalardan yalnız onun çıxara biləcəyini kifayət qədər başa düşürdü. Çünki beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter almışdı. Səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın harayına çatmağa dəvət edilirdi.

Heydər Əliyevin öz xalqının təkidli tələbini qəbul edərək, ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi demək idi. Dəhşətli problemlər içərisində çapalayan ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə qadir olduğunu göstərdi.

Xüsusi olaraq etməliyik ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin fəaliyyətində respublikamızın kəskin böhran vəziyyətindən çıxarılması məsələsi xüsusi yer tutmuşdur. Heydər Əliyev fenomeni hələ Sovetlər dövründə ölkəmizi çiçəklənən bir diyara çevirmiş, müstəqilliyin bünövrəsini hələ o zamanlar qoymuş, milli kadrların hazırlanmasında o dövr üçün analoqu olmayan tədbirlər həyata keçirmişdir. Ümummilli Liderin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması isə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının tam olaraq möhkəmlənməsinə şərait yaratdı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında köklü müsbət dəyişikliklər baş verdi və ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. O zamankı Azərbaycan kimi qeyri-sabit, hərc-mərcliyin baş alıb getdiyi qarışıq bir məmləkətdə çox qısa bir vaxtda sabitliyin yaradılması Heydər Əliyev şəxsiyyətinin, şücaətinin, böyüklüyünün bariz nümunəsidir. Rəhbərliyə başladığı ilk gündən qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli tədbirlər həyata keçirməyə başladı. Ulu Öndər hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur. Müdrik siyasi lider bu dövrdə vətəndaş qarşıdurmasının, separatçılıq cəhdlərinin qarşısını aldı. Həmin dövrdə cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” yaradılmağa çalışılırdı. Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anlarda Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində qondarma “Talış-Muğan respublikası” ləğv edildi. Ölkənin şimal-şərq sərhəddində sadvalçıların özbaşınalığına da son qoyuldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.

Ən əsası, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionda inkişaf etmiş dövlətə, dünyada isə söz sahbinə çevrilmişdir.

Fərid Dünyamalıyev,
YAP Gənclər Birliyinin üzvü, YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq
Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024