AZ RU Mobil versiya
17 mindən çox abituriyent tələbə ola bilməyəcək, keçid balları isə...
Tarix: 20-06-2022 | Saat: 15:03
Bölmə:Təhsil | çapa göndər

17 mindən çox abituriyent tələbə ola bilməyəcək, keçid balları isə...

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri bəllidir. İlk mərhələdə əldə edilən nəticələr bir çox abituriyentləri narazı salıb. İddia edilir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda test sualları əvvəlki illərlə müqayisədə çətin olub, bu səbəbdən əksər abituriyentlər arzuladıqları nəticəni əldə edə bilməyiblər. Nəticələrin aşağı olması ilə əlaqədar keçid ballarının azaldılması və müəyyən güzəştlərin edilməsi təklif olunur.

Bu il keçid ballarının aşağı salınması mümkündürmü?

Bu barədə Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, DİM tərəfindən formalaşdırılmış konkret müsabiqə şərtləri var. Müsabiqə şərtlərinə əsasən, bütün qruplar üzrə ümumi 200 bal tələb olunur:

“Bunun 100 balını abituriyent blok imtahanından əldə etməlidir. Əgər abituriyent 100 bal həddini toplayarsa, bu zaman o, dövlət sifarişli və ya ödənişli bütün ixtisasların müsabiqəsində iştirak etmək hüququ qazanır. Yox, əgər abituriyent blok imtahanında 50-100 bal nəticə göstərirsə, o zaman hər bir ixtisas üçün 150 ballıq yerlərin müsabiqəsində iştirak edə bilər. Bu yerlər Nazirlər Kabineti və DİM arasındakı razılaşma əsasında formalaşıb”.

Ekspertin sözlərinə görə, istənilən halda DİM balları artırıb-azaltmır:

“Balların azalıb-artmasına məsul abituriyentlərdir. Məsələn, Bakı Ali Neft Məktəbi İnformasiya təhlükəsizliyi ixtisasına müvafiq olaraq 10 yer ayırıb. Ancaq buraya 200 nəfər müraciət edib. Bu zaman əgər 200 nəfərin içərisində 10 nəfərin balı 680-dirsə, demək, həmin ixtisasın balı 680 olacaq. Əgər 10-cu şəxsin balı 650 olacaqsa, onda ixtisasın balı da 650-yə düşəcək. Yenə deyirəm, bu vəziyyəti formalaşdıran şəxslər yalnız abituriyentlərdir. DİM bununla bağlı heç bir fəaliyyət həyata keçirmir”.

Bundan əlavə, ekspert qəbuldan kənarda qala biləcək abituriyentlərin sayı ilə bağlı proqnozlarını açıqlayıb:

“Nəzərə alaq ki, bu il ümumi qruplar üzrə müsabiqədə iştirak edənlərin sayı həddindən artıq çoxdur. Bu il 17 mindən çox abituriyent planlaşdırılan yerlərdən kənarda qalacaq. Üçüncü qrup üzrə doqquz-on min, ikinci ixtisas qrupu üzrə səkkiz min, dördüncü ixtisas qrupunda isə 1 000 nəfərdən çox abituriyent kənarda qalacaq”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8478 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022