Mobil versiya
Asudə Cəfərova: “Azərbaycanın Heydər Əliyev adlı sönməyən günəşi”
Tarix: 07-06-2022 | Saat: 11:10
Bölmə:Media | çapa göndər

Asudə Cəfərova: “Azərbaycanın Heydər Əliyev adlı sönməyən günəşi”

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi haqlı olaraq, xilaskar adlandırır. Ona görə ki, təkcə elə ötən əsrin 80-90-cı illərində xalqımızın məruz qaldığı xarici irtica və daxili destabillik faktoru məhz ümummilli liderimizin sayəsində necə böyük bəlalardan xilas olduğumuzdan xəbər verir. Bu xilasın başlıca səbəbi Heydər Əliyevin daim öz xalqı ilə birlikdə olması idi.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başı üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. 1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın tələbi Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyevin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yoluna çevrildi. Dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı. Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi. Xalqın tələbi ilə Bakıya qayıdan Ümummilli Lider ölkəmizin başı üstünü almış təhlükənin qarşısını qısa vaxtda aldı.

Ulu öndər Heydər Əliyev zaman-zaman qəbul etdiyi tarixi qərarları ilə, sözün əsl mənasında, yeniləşməkdə olan müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi. 1994-cü il sentyabrın 20-də ölkənin tarixində son dərəcə taleyüklü bir hadisə baş verdi. Azərbaycan dövlətinin və xalqının firavan və xoşbəxt həyatının zəmanətinə çevrilmiş, sürətli inkişafa və tərəqqiyə, müstəqilliyin dönməzliyinə və təhlükəsizliyinə təminat verən, neft müqaviləsi — “Əsrin muqaviləsi” imzalandı. Məhz ulu öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycanın “qara qızılı” bu millətin ağ günlərinin tarixini yazmağa başladı. Ulu öndərin öz sözləri ilə desək: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, eləcə də gələcəkdə xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”. Bu sözlərin müəllifi ölkəsinin karbohidrogen ehtiyatlarını strateji xammaldan böyük siyasətin, dünyada gedən inteqrasiya proseslərinin, milli təhlükəsizlik konsepsiyasının faktoruna çevirməyi bacardı. Tarixən ayrı-ayrı dövlətlər, eləcə də bütövlükdə bəşəriyyətə bir çox müsibətlər yaşatmış “qara qızıl” məhz ulu öndərin düşünülmüş, ağıllı taktiki addımları sayəsində dünyanın transmilli neft korporasiyaları Bakıda toplaşdı. Bir müddət sonra isə ümummilli liderin minbir zəhməti sayəsində Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri reallığa çevrildi ki, bunun da sayəsində bir vaxtlar çoxlarına xəyal kimi görünən “üç dəniz əfsanəsi” gerçəkləşdi. Beləliklə də, Azərbaycan dövləti regionda sülhün dayağına, qədim tarixə malik Bakı şəhəri isə əməkdaşlıq “paytaxt”ına çevrildi və ümummilli lider Heydər Əliyev Azərbaycan neftini Azərbaycan xalqının və dövlətçiliyinin prinsipial maraqlarına uyğun işlətmək kimi çətin bir missiyanın öhdəsindən bacarıqla gəldi.


Məhz bu dövrdən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev çox düzgün olaraq elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.

Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır. Son 18 ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və bir çox digər sahələri əhatə edir. Görülən işlərin nəticəsində də Azərbaycan elmi və elm adamları bu gün beynəlxalq səviyyədə daha böyük diqqətlə qarşılanır.

Asudə Cəfərova,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Neftçala rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024