AZ RU Mobil versiya
Yeni Ağdamda bizi işıqlı gələcək gözləyir
Tarix: 27-05-2022 | Saat: 11:06
Bölmə:Manşet / Ölkə | çapa göndər

Yeni Ağdamda bizi işıqlı gələcək gözləyir

Ötən il 28 May - Müstəqillik Günündə yeni Ağdamın ilk təməl daşını öz əlləri ilə qoyan cənab Prezident İlham Əliyev həm də bizlərə, Ağdam ictimaiyyətinin nümayəndələrinə, bütün qarabağlılara dedi ki, "Mən söz vermişəm və artıq bunu icra edirəm - Qarabağı cənnətə döndərəcəm!"
Bəlkə də həyatımda bir daha yaşamayacağım ən xoşbəxt anları məhz həmin gün yaşadım. İllərlə həsrətini çəkdiyim, doğmalarımın məzarını belə ziyarət etməyə gedə bilmədiyim əziz torpağımdaydım.

İndi vətənimin havası ilə nəfəs alırdım, ən əsası, qədim Ağdamın yeni təməlinin qoyulduğu tarixi və qürurlu anlara şahidlik edirdim. 
Doğma Ağdamı mükəmməl diplomatik bacarığı ilə bir güllə atılmadan, bir itki belə verilmədən xilas edən Müzəffər Ali Baş Komandan indi də ona yeni həyat bəxş edirdi.

Müstəqillik günümüzdə Ağdamın bərpasının başlanğıcını qoyan dövlət başçımız ən müasir Ağdamın qurulacağının və buranın tezliklə modern şəhərə çevriləcəyinin müjdəsini verdi, demək olar ki, Ağdamın Baş Planında yer alan bütün layihəri bir-bir bizimlə müzakirə etdi, fikirlərimizi dinlədi. Həmin zaman möhtərəm Prezident layihənin icraçılarına tapşırıq verdi ki, Ağdam üçün elə ağaclar, güllər seçsinlər ki, burada bitsin. Onda mən də söylədim ki, cənab Prezident, Ağdamda nə əksən bitər, subtropik bitkilərin hamısı Ağdamda bitir. Ağdamın torpağı çox münbitdir.

Yeni Ağdam 100 min əhalilik möhtəşəm bir şəhər olacaq. İşğaldan əvvəl şəhərin 600-700 hektar ərazisi var idisə, indi 1700 hektar olması planlaşdırılır. Parklar, meşələr salınacaq, kanal çəkiləcək. Evlərin hər biri gözəl layihələr əsasında tikiləcək. Köhnə abidələrin hamısı bərpa olunacaq, Fərhadın heykəli, Cümə məscidi, Çörək muzeyi və digərləri. Onu da deyim ki, Ağdamın işğal və qələbə tarixi iki muzeydə yaşadılacaq, "İşğal" və "Zəfər" muzeyləri yaradılacaq.


Həmin günü mənim üçün əlamətdar edən daha bir möhtəşəm məqam da yaşandı. Ağdamda vaxtilə təhsil aldığım və erməni vandalları tərəfindən dağıdılmış qədim

1 saylı orta məktəbin yenidən təməli qoyuldu. Dövlət başçımız bu tarixi məktəbin həm keçmiş, həm də gələcək şagirdlərinin qəlbinə fərəh və sevinc bəxş etdi.

Görüş zamanı cənab Prezident söylədi ki, biz elə bir şəhər yaradacağıq, elə bir Ağdam quracağıq ki, bu, bütün dünya üçün örnək olacaqdır.
Ağdamdakı həmin tarixi görüşün üzərindən bir il keçib. İndi dövlət başçımızın yeni Ağdamla bağlı planlaşdırdığı layihələr bir-bir gerçəkləşdirilir.
Mənfur ermənilərin daşı daş üstündə qoymadığı və görənlərinin dəhşətə gələrək "Qafqazın Xirosiması" adlandırdığı Ağdam gündən-günə dirçəlir. Rayonun bərpası ilə bağlı kompleks tədbirlər görülür, Böyük qayıdışa möhtəşəm hazırlıq işləri aparılır.

190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrinin təməl daşı da bu ilin fevralında möhtərəm Prezident tərəfindən qoyulub. Həmçinin Ağdamda iki yarımstansiyanın - "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının açılışı olub ki, onların fəaliyyəti nəticəsində gələcəkdə bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Şəhərdə təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq müasir mehmanxananın təməli qoyulub, təqribən ilyarıma - iki ilə inşa ediləcək altı evdən ibarət yaşayış kompleksinin  inşası nəzərdə tutulub, 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulub və rayon sakinlərinə tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradılıb.
Ağdama qaz xəttinin çəkilişi layihəsi işlənilir, içməli suyun gətirilməsi və digər əhəmiyyətli işlər də tezliklə reallaşdırılacaq. Mühüm məsələlərdən biri də Ağdamın yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir.  Cənab Prezidentin göstərişi ilə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunur. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək. Bununla həm də Ağdama başqa ölkələrdən gəlmək daha da asanlaşacaq.
Bütün bu sadalanan işlər onu göstərir ki, Azərbaycan dövləti tarixi zəfərdən dərhal sonra daha bir tarixi uğuru reallaşdırır və bütün maliyyə, texniki imkanlarını, kadr potensialını səfərbər edərək, işğaldan azad etdiyi torpaqlarını sürətlə dirçəldir, o ərazilərdə əbədi həyatın var olması üçün mühüm işlər görür.


Doğma şəhərimizin ruhu da özünə qaytarılır. Ağdamın mənəvi rəmzi hesab olunan Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa edilir.

Ümumiyyətlə, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu işğaldan azad olunan bütün ərazilərimizdə tarixi, mədəni, dini irsimizin bərpası yönündə müstəsna işlər həyata keçirir.

Ağdam sözün əsl mənasında uğurlu gələcəyə yol alıb. Görülən möhtəşəm işləri Ağdama səfər edən vətəndaşlarımız, o cümlədən də biz ağdamlılar görür və tezliklə doğma şəhərimizə qovuşacağımızın sevincini, xoşbəxtliyini yaşayırıq.

Buna görə biz Ulu Öndər siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevə minnətdarıq. Müzəffər Ali Baş Komandanımız doğma Qarabağımızı işğaldan azad edərək talandan, tapdaqdan qurtardığı kimi, indi də viran qoyulmuş yurdlarımızı dünyada görünməmiş bir sürətlə bərpa edir.
Biz illərlə foto və videokadrlarda mənfur düşmən tərəfindən viranəyə çevrilən, bircə həyat nişanəsi belə qalmayan Ağdama ürək ağrısı ilə baxmışıq. Dağıdılan evlərimizi, küçələrimizi, hər birimizin əzizlərinin, yaxınlarının uyuduğu şumlanan qəbiristanlıqlarımızı acı gözyaşları içərisində izləmişik. Ömrümüzün ən gözəl çağlarının keçdiyi yurd yerlərimizə bir daha qayıda bilməyəcəyimizin qorxusunu yaşamışıq. Amma budur, bütün bu dəhşətli hadisələr keçmişdə qalıb.

Ağdam azaddır. Bu gün Ağdam quruculuq-bərpa meydanına çevrilib. Evləri, küçələri, məhəllələri yenidən qurulur. Bağlar, bağçalar salınır...
Ağdam çiçəklənir, gülüstanlığa çevrilir...

Cənab İlham Əliyevin öz əlləri ilə bizim üçün başdan yaratdığı yeni Ağdama dönəcəyimiz xoşbəxt günlər isə çox yaxındadır.
 
Habil QURBANOV,
AMEA Azad Həmkarlar İttifaqının sədri,
hüquq üzrə elmlər doktoru, professor




Məlumatlanmaq üçün Facebook səhifəmizi

12137 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2022
04-08-2022