AZ RU Mobil versiya
Brüssel görüşünün üçüncü formatı zamanı dörd vacib məsələdə razılaşma əldə olundu
Tarix: 24-05-2022 | Saat: 18:33
Bölmə:Ölkə | çapa göndər

Brüssel görüşünün üçüncü formatı zamanı  dörd vacib məsələdə razılaşma əldə olundu

Mayın 22-də Belçikada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən, Azərbaycan və Ermənistan liderləri arasında son altı ayda Brüsseldə reallaşan üçüncü görüş müsbət nəticə verəcəkdir.
Əslində, Azərbaycan və Ermənistan liderləri, rəsmiləri arasında birbaşa, təkbətək görüşlərin çox olması tərəflər arasında etimad mühitinin artmasına, mövcud problemlərin həllinə müsbət təsir edir. Vasitəçilərin çoxluğu isə problemlərin həllinə mane ola biləcək çoxsaylı maraqlar və iddialar deməkdir. Başqa sözlə, fərqli mövqedə olan vasitəçilər həm də regionda öz maraqlarının təmin olunmasına çalışdıqlarından tərəflər arasında problemlərin həlli gecikir və ya uzun illər həll edilməmiş qalır.
Müasir dövrdə də dövlətlər və cəmiyyətlər arasında çoxsaylı problemlər, münaqişələr var. Bu baxımdan, vasitəçilərin azlığı, yaxud danışıqlara ev sahibliyi edəcək səviyyədə olması tərəflər arasında ziddiyyətlərin həllinə dəstək verə bilər. Azərbaycan torpaqlarının on illərlə yaxın Ermənistanın işğalı altında qalması həm də keçmiş münaqişənin həllində çoxsaylı vasitəçilərin olması ilə bağlı idi. Bunun üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 illik fəaliyyətinə nəzər salmaq kifayət edər. Bu qrup fəaliyyətdə olduğu illər ərzində Azərbaycan torpaqları nəinki işğaldan azad olundu, əksinə, həmin torpaqlarda qanunsuz məskunlaşmalar baş verdi, ərazilər minalandı.
Mayın 22-də beş saatdan çox davam edən görüşdə Azərbaycanla Ermənistan arasında mövcud problemlərə dair mövzular əhatə olunub. Tərəflər arasında əldə edilən nəticələrə əsasən, görüşün uğurla başa çatdığını demək olar. Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında müzakirələrin səmimi və məhsuldar oldugunu, bütün məsələlərin nəzərdən keçirildiyini qeyd edib.
O, açıqlamasında dörd məsələ ətrafında razılığa gəlindiyini, birincisi, sərhəd məsələləri və bu məsələ ilə bağlı komissiyaların birinci birgə iclasının keçirilməsi, ikincisi, liderlərin kommunikasiya əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlməsini bildirib.
Ş.Mişel deyib ki, liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları ilə bağlı razılıq əldə ediblər və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər. Bununla da kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılıq əldə olunub.
Brüssel razılığının üçüncü istiqaməti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Avropa İttifaqı Şurasının Prezidenti bildirib ki, liderlər Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin rəhbərliyi altında nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Sülh sazişinin bağlanmasında Azərbaycanın erməni vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının müdafiəsinə dair məsələnin həlli də vurğulanıb.
Görüşdə əldə edilən dördüncü, sosial-iqtisadi inkişafla bağlı məsələyə münasibət bildirən Şarl Mişel Avropa İttifaqının tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirmişdir.
Görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə olunub.
Görüşün yekununa dair mətbuat üçün açıqlamada “Dağlıq Qarabağ” ifadəsi yenə də işlədilməyib, “Status” məsələsi ümumiyyətlə olmayıb. Bu, həm də beynəlxalq ictimaiyyət üçün belə bir terminin olmadığı və onunla bağlı bütün iddiaların saxta və uydurma olduğu anlamına gəlir. Sadəcə, Qarabağ iqtisadi rayonunun adı çəkilib, ermənilərin hüquq və təhlükəsizliyi məsələsindən bəhs edilib. Azərbaycan tərəfi ilk gündən vətəndaşı olan ermənilərin təhlükəsizliyinə və etnik azlıq kimi hüquqlarının qorunacağına həmişə təminat verib. Bu baxımdan, rəsmi Bakı üzərinə düşən beynəlxalq öhdəliklərə, bir qayda olaraq, əməl edib.
Beləliklə, tarixdə ilk dəfə Azərbaycanla Ermənistan arasında əhatəli sülhün imzalanması və sərhədlərin bölünməsi, müəyyən olunması üçün bu cür fürsət yaranıb. Belə ehtimal etmək olar ki, Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının prioritet məsələlərindəndir. Artıq Qərbə daha aydın olub ki, bölgədə təhlükəsizliyin təmin olunması, ilk növbədə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından keçir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmaması deməkdir. Azərbaycanla Ermənistan arasında sülhün bağlanması re
gionda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət təkan verər. Bu həm də Qara dəniz regionunun problemlərinin həllinə yardım olar.
Nəhayət, bu görüş həmsədrlik institutunun yararsızlığını bir daha təsdiqlədi. Odur ki, Cənubi Qafqazda bölgədə təhlükəsizliyin yaranmasına, sülhə və əməkdaşlığa nail olmaq çoxsaylı vasitəçilərdən imtinadan başlayır. Avropa İttifaqının ev sahibliyi ilə rəsmi Bakı ilə İrəvan arasında birbaşa görüşlərin tez-tez baş tutması, tərəflərin üzərinə düşən öhdəliklərə əməl etməsi regiona yaxın zamanda sülhün gəlməsinə, azərbaycanlı qaçqınların öz yurdlarına dönməsinə təkan verəcək.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7156 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022