Mobil versiya
Rizə-Artvin Hava Limanının açılışını Türkiyə və Azərbaycan rəhbərlərinin həyata keçirməsi iki qardaş ölkənin tarixi birliyini təcəssüm etdirir
Tarix: 19-05-2022 | Saat: 11:13
Bölmə:Ölkə | çapa göndər

Rizə-Artvin Hava Limanının açılışını Türkiyə və Azərbaycan rəhbərlərinin həyata keçirməsi iki qardaş ölkənin tarixi birliyini təcəssüm etdirir

Bu günlərdə Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdik. Azərbaycan Prezidenti İlham Əliyev və  Türkiyə Prezidenti Rəcəb  Tayyib Ərdoğan Türkiyənin reallaşdırdığı möhtəşəm layihənin-dəniz üzərində inşa edilən nəhəng Rizə-Artvin Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər.

Ümumiyyətlə, tarix boyu Türkiyə və Azərbaycan xalqları istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamları sadalamaqla bitməz. Yalnız son 2 ildə baş verən bir neçə faktı göstərmək yetərlidir.

Vətən müharibəsi zamanı Türkiyənin tutduğu qətiyyətli mövqe, 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Bu isə təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

2020-ci il dekabrın 10-da keçirilən Zəfər Paradında Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə çiyin-çiyinə dayanması xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. 2021-ci il iyunun 15-də – Milli Qurtuluş Günündə daha bir tarixi hadisə yaşandı. İki qardaş ölkənin liderləri Şuşa Bəyannaməsini imzaladılar. Bu tarixi sənəd müstəsna tarixi, mənəvi, siyasi və hərbi-strateji əhəmiyyət daşımaqla iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik platforması, yeni milli və regional təhlükəsizlik mexanizmi oldu.

Böyük Zəfərdən sonra Müzəffər Komandan İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı ilk möhtəşəm layihə olan Füzuli Beynəlxalq Hava Limanının açılışında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı birliymizin daha bir sübutu idi.

Mayın 14-də Rizə-Artvin Hava Limanının açılışını iki qardaş ölkə rəhbərlərinin həyata keçirmələri tarixi birliyimizi nümayiş etdirdi. Həyata keçirdiyi qətiyyətli siyasətlə, reallaşdırdığı dünyamiqyaslı qlobal layihələrlə Türkiyənin gücünə güc qatan, ölkəni qüdrətli dövlətə çevirən Rəcəb Tayyib Ərdoğanın bu möhtəşəm layihəsi əlbəttə ki, ilk növbədə qardaş ölkənin adına çox böyük tarixi uğurdur. Elə mərasimdə çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, hava limanının açılışı Türkiyədə gedən uğurlu prosesin təzahürüdür. Belə ki, son illərdə Türkiyədə həyata keçirilən müxtəlif istiqamətli qlobal layihələr dünyanın diqqət mərkəzindədir.

Qeyd edək ki, Rizə-Artvin Hava Limanı Ordu-Giresun Aeroportundan sonra Türkiyədə və Avropada istifadəyə verilən dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanıdır. Dünyada 5-ci belə layihələrdən olan Rizə-Artvin Hava Limanının təməli 2017-ci il aprelin 3-də qoyulan hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daş tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb.

Məlum olduğu kimi, Rizə-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Bu baxımdan, Rizə mərkəzindən 34 və Artvindən 125 kilometr məsafədə yerləşən, müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur və Rizə-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək. Hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rizə-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə turizm daşımaları üçün böyük imkanlar yaradır.

Dünyanın dəniz üzərində inşa olunan sayca 5-ci hava limanının inşası bir daha təsdiq edir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünyanın iqtisadi güclərindən biridir. Türkiyənn güclənməsi isə Azərbaycanın gücünün artması deməkdir. İnanırıq ki, iki qardaş lider hələ bundan sonra neçə-neçə möcüzəli, dünyamiqyaslı layihələr reallaşdırıb birlikdə açılışını edəcəklər.

Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil
yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024