Mobil versiya
AZƏRBAYCAN GƏNCLİYİNİN GƏLƏCƏYİNƏ MƏSUL ŞƏXS AZAD RƏHİMOV OLDUĞU KİMİ
Tarix: 08-11-2016 | Saat: 12:44
Bölmə:Manşet | çapa göndər



Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafı da ardıcıl, məntiqli, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Bütün bunların nəticəsidir ki, idman sahəsində ölkəmiz yüksək beynəlxalq nüfuz qazanıb. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açmış, Azərbaycanın gücünü və potensialını bütün dünyaya nümayiş etdirmişdir. Sevindirici haldır ki, bu Oyunlar zamanı yüzlərlə azərbaycanlı gənc zəngin təcrübə qazanmışdır. Müxtəlif təlimlər, kurslar vasitəsilə xarici mütəxəssislərlə əməkdaşlıq, birgə layihələrdə iştirak yerli mütəxəssislərimizin formalaşmasına müsbət təsir göstərmişdir. Əmin olmağa dəyər ki, ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi zamanı bu potensialdan geniş istifadə olunacaqdır.

Çünki idmana və gəncliyə hərtərəfli qayğı, bu kontingentdən olan insanlara sayğı göstərən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin, Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının, IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın arxasında xalq və bu xalqın ləyaqətli övladları sırasından etibarlı tərəf müqabilləri durur. Xalqa xidmət etmək vəzifəsini uğurla yerinə yetirən, dövlətə, dövlətçiliyə sadiq belə layiqli vətəndaşlardan biri də Azərbaycanın Gənclər və İdman naziri cənab Azad Rəhimovdur. 52 yaşlı Azad Rəhimov 1981-86-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. 1986-1987-ci illərdə hərbi xidmət keçən gələcək nazir Azad Rəhimov 1987-1989-cu illərdə Bakı şəhəri Xətai rayon Komsomol Komitəsinin katibi işləyib. Daha sonra iki il Xətai rayon Komsomol Komitəsinin 1-ci katibi vəzifəsini tutub. 1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri postunu tutmuş A.Rəhimov sonrakı fəaliyyətini iqtisadiyyat sahəsində qurub. Belə ki, o, 1994-1998-ci illərdə "Ros-İmesko" MMC-nin baş direktoru, 1998-2006-cı illərdə isə "İtaldizayn" QTSC-nin baş direktoru işləyib. 2006-cı ildə ölkə başçısının sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunub.

Azad Rəhimovun rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyi son ildə keçirdiyi beynəlxalq tədbirlər zamanı gənclərin könüllü kimi iştirakına xüsusi diqqət yetirmişdir. Ən böyük könüllü qüvvəsi isə Avropa Oyunları zamanı toplaşmışdır. Minlərlə gənc öz işinə məsuliyyətlə yanaşaraq vətənpərvər mövqelərini bir daha sübut etdi. Həmin gəncləri gələcəkdə də bir araya yığmaq məqsədilə onların məlumat bazası yaradılmışdır. İdmançılarımızın bundan sonra da uğurlu çıxış etmələri üçün onların çoxsaylı idman yarışlarında iştirakı olduqca vacibdir. Bu məqsədlə ölkəmizdə bir sıra idman növlərini özündə birləşdirən kompleks yarışların təşkil edilməsi ölkə idmanına böyük töhfə verir. Bu, idmançıların hazırlıq səviyyəsini də artırır, nəticələrin daha da yaxşılaşdırılmasına zəmin yaradır, daha çox idmançının təcrübə qazanmasına səbəb olur. Görülən işlərin nəticəsidir ki, Birinci Avropa Oyunlarında komandamız uğurla çıxış edərək şərəfli ikinci yer tutmuşdur. Şübhə yoxdur ki, İslam Həmrəylik Oyunlarında da milli yığmamız xalqımızın yüksək etimadını doğruldacaq. Cənab nazir özü, ölkənin idman ictimaiyyəti və ümumiyyətlə xalqımız əmindir ki, Azərbaycan xalqı bu Oyunlara da böyük maraq və dəstək göstərəcək. Avropa Oyunlarında olduğu kimi, yarışlar zamanı tribunalar tamaşaçılarla dolu olacaq, bu Oyunlar İslam ölkələrinin böyük bayramına çevriləcək.

Nazirin sözlərinə görə, birinci Avropa Oyunları ərəfəsində yaradılmış maddi-texniki baza imkan verir ki, IV İslam Həmrəylik Oyunlarını da mövcud idman obyektlərində keçirək: “Onların hazırlıq səviyyəsi beynəlxalq federasiyaların texniki tələblərinə tam şəkildə cavab verir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aiddir. İştirakçıların sayında ciddi fərq olmadığından yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda, qonaqların yerləşdirilməsi, qidalanması, tibbi xidmət, nəqliyyat, təhlükəsizlik və digər texniki təminat məsələləri də əsasən mövcud imkanlar daxilində həll ediləcəkdir.

Jurnalistlər və digər media təmsilçilərinin də Media Kəndində yerləşdirilməsi üçün bütün lazımi şərait vardır. Atletlər Kəndində bütün mebel və avadanlıqlar hazır vəziyyətdə, toxunulmaz saxlanılmışdır və qarşıdan gələn tədbir üçün tam hazırdır. Eyni zamanda, mətbəxlər, əyləncə mərkəzləri, poliklinika üçün müvafiq avadanlıqlar, daxili nəqliyyat vasitələri və digər texniki vasitələr də işlək vəziyyətdədir. Əməliyyat heyətinin işini təmin etmək üçün 6 mindən çox müxtəlif adda İT avadanlığı, kompyuter, skaner, printer, server və digər vasitələr də yenidən istifadəyə tam yararlıdır.

Bütün varlığıyla öz millətinə, Vətəninə bağlı olan, idmanın inkişafı naminə ölçüyəgəlməz işlər görən, şəxsiyyəti ilə dövlət fəaliyyəti, sözü ilə əməli bir-birini üzvi şəkildə tamamlayan bu böyük insanın Azərbaycanımızın gələcəyini daha qüdrətli, daha güclü görmək istəyinin hazırda reallığa çevrildiyini görüb qürur hissi duyuram. Çiçəklənən Azərbaycanın dünya miqyasında ilbəil deyil, aydan-aya, gündən-günə artan uğrunda, respublikamızın dünya ölkələri arasında nüfuzunun getdikcə möhkəmlənməsində Azad Rəhimovun özünün və övladının danılmaz xidmətlərinin olması isə bu hissi ikiqat artırır. Öz xeyirxah əməlləri, Vətənə sosuz sevgi və məhəbbətlə xidmətləri ilə cəmiyyətdə kifayət qədər hörmət və nüfuz sahibi olan bu şəxsiyyətləri onsuz da ölkəmizdə uşaqdan böyüyə qədər hamı tanıyır, sevir. Bizim istədiyimiz isə bir məlum həqiqəti xatırlatmaqdan ibarətdir: böyük insanlar təkcə gördükləri işlərlə deyil, gözəl tərbiyə verib dövlətə layiqli vətəndaş kimi yetişdirdikləri, cəmiyyətdə layiqli mövqe tutan övladları ilə.

Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Azad Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində “Baku Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimov “Qran Pri” yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bununla da Azərbaycan postsovet məkanında Rusiyadan sonra “Formula-1” yarışına ev sahibliyi edəcək ikinci ölkə olacaq.

Bakıda keçiriləcək "Formula-1" mərhələsi üçün yolların hazır layihəsi artıq başa çatmaq üzrədir. 6 km uzunluğunda tras 20 döngədən ibarət olacaq. "Baku Grand Prix" şirkətinin sifarişi ilə hazırlanmış layihədə tras 340 km/saat sürət üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, Azərbaycanın bugünkü inkişafını gözü götürməyən bədxahlar ölkəmizin işıqlı sabahının da sökülən dan yerinə qısqanclıqla yanaşır, Rəhimovlar barəsində sifarişlə işləyən bəzi KİV-də hədyan dolu informasiyalar yayırlar. Belələri bir məsələni unudurlar ki, Gənclər və İdman naziri Azad Rəhimov özünü gənclərin gələcəyinə məsul şəxs hesab edir. O gənclərin ki, valideynləri bizik, onlardır. 12 apreldə Türkiyənin İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti"ndə demişdi: "Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz İslamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət verməliyik. Birgə qüvvələrimizi qoyaraq biz Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır". Odur ki, övladlarımızın arzu və istəklərinin həyata keçməsini istəyiriksə, Azad müəllim kimi biz də möhtərəm Prezidentimizin ətrafında sıx birləşməli, dövlətimizin gənclər siyasətinə öz inamımızla dəstək verməliyik.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024