Mobil versiya
Ramal Məmmədov: “Heydər Əliyev siyasi kursu Azərbaycanı daha parlaq qələbələrə aparır”
Tarix: 09-05-2022 | Saat: 10:16
Bölmə:Ölkə | çapa göndər

Ramal Məmmədov: “Heydər Əliyev siyasi kursu Azərbaycanı daha parlaq qələbələrə aparır”

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

1993-cü ilin iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə Bakıya gəldi. Bu qayıdış xalqımızı bəlkə də indiyədək heç zaman yaşanmamış böyük bir fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan parlamentinin Sədri seçildi. Bu hadisə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Azərbaycan tərəqqi yoluna çıxaraq tarixi nailiyyətlər əldə etməyi başladı.

Ulu öndər Heydər Əliyevin vaxtında və düşünülmüş şəkildə atdığı addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün etdi. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratdı.

Azərbaycan dövlətçiliyinin əsaslarının gücləndirilməsi, milli həmrəylik və birliyin təmin olunması baxımından ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasi müstəsna əhəmiyyət kəsb etmiş oldu. 1990-cı illərin əvvəllərində ölkəmizin gələcək taleyi ilə bağlı problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran idi. Köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğramışdı. Hakimiyyətə can atan ayrı-ayrı qruplar tərəfindən cəmiyyətə müxtəlig ideoloji cərəyanların postulatları təlqin olunurdu. Cəmiyyət açıq-aşkar barışmaz fikir ayrılıqlarına, hətta düşmən münasibətlərinə aparan müxtəlif ideoloji baxışların əsirinə çevrilməkdə idi. Yalnız 1993-cü ildən etibarən Milli özünəqayıdış və özünüdərkin əsasını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə dəyişdi. Ulu öndər milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması yolunda yorulmaz fəaliyyət göstərmişdir. Heydər Əliyevin böyük vətənpərvərliyi Azərbaycanda milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynadı. Ümummilli lider müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Bunun da əsasında məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu universal ideoloji formula olan azərbaycançılıq ideologiyası dayanır.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük nailiyyətlərə imza atacağını təsdiq edir.

Ramal Məmmədov
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM)
direktoru, YAP ərazi ilk partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024