Mobil versiya
Heydər Əliyev irsi əbədi davam edəcək və Müstəqil Azərbaycana daim Zəfərlər bəxş edəcəkdir
Tarix: 08-05-2022 | Saat: 13:28
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyev irsi  əbədi davam edəcək və  Müstəqil Azərbaycana daim Zəfərlər bəxş edəcəkdir

Bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Umummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ölkəmizin hər yerində və ölkə hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Dahi şəxsiyyətin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir.
Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə olmaqla, siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu və nəticədə Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı tarixi zərurətdən irəli gəldi. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.
Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.
Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir irs, milli sərvət – “Heydər Əliyev dövlətçilik məktəbi”ni yaratdı. Ulu Öndərin xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq etdi. Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.
Yüksək inkişafın nəticəsidir ki, qarşıya qoyulan əsas hədəflərdən biri və birincisi olan torpaqlarımızın işğaldan azad olunması təmin olundu, Ata nəsihəti Lider övladın Dəmir yumruğu sayəsində gerçəkləşdi. Torpaqlarımız natəmizlərdən, tör-töküntülərdən təmizləndi, saflaşdı. Bu gün Şuşa azaddır. Ulu Öndərin “Biz Şuşaya qayıdacıq” ifadəsi reallaşdı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda yüksək sürətlə, geniş abadlıq-quruculuq işləri həyat keçirilir. Budur Heydər Əliyev irsinin möhtəşəmliyi, budur əbədi irsin yaşaması.
Azərbaycanda elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və yüksək inkişaf müşahidə edilməsin. Ölkəmiz Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilmişdir. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.
Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev irsinə olan sevgisini daha da gücləndirir.
Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin irsini və siyasi kursunu davam etdirməklə Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək və yeni-yeni Zəfərlərə nail olacaqdir.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024