Mobil versiya
Heydər Əliyev Azərbaycan xalqının qürur mənbəyidir
Tarix: 08-05-2022 | Saat: 12:24
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyev Azərbaycan xalqının qürur mənbəyidir

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 99 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur.

Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.
Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın cizgilər qazanır. Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir.

Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev mövqeyinin və iradəsinin şah əsəridir. Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır. Konkret mövqe ifadə etmək və aydın siyasi-mənəvi iradəyə malik olmaq Ulu Öndər Heydər Əliyevin nümunəsində sınaqlardan çıxmış dəyərlərdir. Bu da böyük siyasətdə Heydər Əliyev dövlətçilik məktəbinin ibrətamiz dərsləridir.

Tərcümeyi-halının bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur. Bu düşünülmüş, əqidə kimi qəbul edilmiş ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən seçilmiş ən məqsədəuyğun taktika ilə dönmədən həyata keçirilmişdir. Buna görə də haqlı olaraq Heydər Əliyev dünya miqyasında əsl strateq kimi qəbul olunur.

1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bundan başqa, sovet dövrünün çətin, sərt siyasi-ideoloji mühiti çərçivəsində Azərbaycanda həm də milli maraqların inkişaf etdirildiyi bir dövlətçilik sistemi formalaşdırmaq Heydər Əliyevin müəyyən olunmuş düşünülmüş strategiyası idi.

Bu uzunmüddətli strategiyanı mərhələ-mərhələ həyata keçirmək üçün SSRİ rəhbərliyində apardığı danışıqlar, müzakirələr, bunların əsasında ümumittifaq miqyasında və respublika səviyyəsində qəbul etdirməyə nail olduğu qərarlar görkəmli dövlət xadimi Heydər Əliyevin konkret və aydın mövqeyinin ifadəsi idi.

Mətbuatı cəmiyyətin güzgüsü adlandıran, bu sahədə çalışan qələm sahiblərinə yüksək peşə prinsiplərindən irəli gələn tələblərin layiqli daşıyıcıları olmağı təlqin edən ulu öndərimiz Heydər Əliyev həmin təməl prinsiplərinin elmi şərhini verməklə kifayətlənməmiş, bunun hüquqi, iqtisadi bazasının yaradılması qayğısına da qalmışdır. Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun, digər fərman və sərəncamların imzalanması, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. əməli işlər dövlət müstəqilliyimizin memarı olan ulu öndər Heydər Əliyevin müdrik, qətiyyətli, uzaqgörən siyasətinin bariz nümunələridir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd saymışdır. 

Respublikanın mütərəqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə partiyanın təsis qurultayı keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cu il iyunun 15-də hakimiyyətə gətirdi.

Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ceyhun Cahangirov
Goranboy rayony, Hakim Cəfərov adına Quşçular kənd tam orta
məktəbinin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024