Mobil versiya
Bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir qəhrəmanlıq nümunəsidir
Tarix: 07-05-2022 | Saat: 10:51
Bölmə:Ölkə | çapa göndər

Bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir qəhrəmanlıq nümunəsidir

XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. Həmin illərdə xalq özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

Müharibə dövründə respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusda “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı;

Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Həmin illərdə respublikanın 149.170 vətəndaşı donorçu oldu. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi. Həmçinin təkcə müharibənin əvvəllərində müdafiə fonduna şəxsi istifadələrdə olan 18 min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul göndərilmişdi.

Azərbaycan xalqı faşizmə qarşı mübarizədə müharibənin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr verdi. Müharibənin ilk illərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarət nümayiş etdirdilər. Bu gün də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır. 

Azərbaycan Prezidenti İlham Əliyev hər il Qələbə günündə sağ qalmış müharibə iştirakçılarına və onların dul qadınlarına mükafatlar verir. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də abidələr ucaldır.

İkinci Dünya müharibəsidə faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasimlər keçirilir. Xalqımızın fəxri olan İkinci Dünya müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç vaxt unudulmur. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər. Bir sözlə, dünya müharibəsi iştirakçılarına dövlət başçımız tərəfindən daim dərin hörmət və ehtiram, diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları "Xalqımızın qızıl fondu" adlandırırdı. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə Günü ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərir. Ölkə başçısı, həmçinin 1941-1945-ci illər II Dünya müharibəsi iştirakçılarına, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam da imzalamışdır. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur. Tarix dəfələrlə sübut edib ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib, dövlət və xalq qarşısında öz borcunu sonadək yerinə yetirmək, qəhrəmanlıq nümunəsi göstərmək, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir vətənpərvər insanın arzusu olub və bu gün də belədir.
44 günlük Vətən müharibəsi uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqının qəhrəmanlığını və şücaətini bir daha göstərdi və tariximizin növbəti şərəfli səhifəsinə çevrildi. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən müqəddəs arzusu, diləyi idi. Çox sevindirici haldır ki, Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımız azad etdi, xalqımıza qələbə sevinci yaşatdı.

21-ci əsirdə mənfur erməni faşizmi Müzəffər Ali Baş Komandanımızın dahiyanə sərkərdəliyi sayəsində məhv edildi

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024