Mobil versiya
Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Tarix: 06-05-2022 | Saat: 20:02
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil. Hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar. Eyni zamanda, tarixi təcrübə sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı.

Belə bir zamanda Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu.

Müstəqilliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyət yox idi. Ölkədə idarəolunmaz bir vəziyyət yaranmışdı. Cəmiyyətin daxilində qarşıdurmalar geniş vüsət almışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictiami-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı. Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın önündə getmək və yaranmış ağrılı situasiyadan optimal çıxış yolları tapmaq üçün Azərbaycana rəhbərlik etdiyi dövrdə öz xalqının həqiqi və layiqli Lideri olduğunu sübut edə bilmiş Heydər Əliyevə ehtiyac duyulurdu. Hamı düşünürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər və bu, cəmiyyətin ümumi qəti qənaətinə çevrilmişdi.

Heydər Əliyevin yenidən hakimiyyətə gəlişini doğuran bəzi məqamlara diqqət yetirərkən hər şeydən əvvəl bir mühüm faktı nəzərə almaq lazımdır ki, Heydər Əliyev hələ Sovetlər İttifaqının dövründə Azərbaycanda kifayət qədər böyük işlər görmüşdü. O, qısa vaxt ərzində İttifaqın çoxsaylı problemlər içərisində qalmış respublikalardan biri olan Azərbaycanı ön sıralara çıxarmış, iqtisadiyyatda ciddi nailiyyətlərə imza atmış, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görmüşdür. O, çox böyük təzyiqlərə, maneələrə baxmayaraq 1978-ci ildə Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etməyə də müvəffəq olmuşdu. Heydər Əliyev Siyasi Büronun tarixində ilk və yeganə azərbaycanlı deyildi, O, həm də ilk və yeganə müsəlman, türk idi. Bu Heydər Əliyevin şəxsiyyətinin əzəmətini bütün çalarları ilə özündə ehtiva etməyə qadir bir faktdır.

Ulu Öndərin siyasi təcrübəsi, bilikləri xalq qarşısında göstərdiyi xidmətlər Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik, Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu.  Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ziyalıların müraciətinə cavabında isə Ulu öndərimiz vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərini təmin edən, keçmişin inkar siyasətindən fərqli olaraq təkamül yolunu üstün tutan, idarəetmə sisteminin formalaşmasında müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Onun həyat yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın milli tərəqqi yoludur.
1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Partiya Sədrinin dediyi kimi, YAP-la heç bir qüvvə rəqabət aparmaq iqtidarında deyil: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil”.
Ulu Öndərin dediyi kimi bu gün partiyamız daha da güclənir, ölkəmiz inkişaf edir, Azərbaycan müasirləşərək çox zəngin və qüdrətli dövlətə çevrilir. 

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024