Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanı güclü edən xalqın birliyi, rəhbərin uzaqgörən siyasətidir”
Tarix: 01-05-2022 | Saat: 10:07
Bölmə:Manşet / Gündəm / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanı güclü edən xalqın birliyi, rəhbərin uzaqgörən siyasətidir”

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransa qatılan cənab Prezident İlham Əliyev  Azərbaycanın haqq səsini dünyaya bəyan edərək son 30 ildə Azərbaycanın yaşadığı çətinliklərdən, işğal dövrünün problemlərindən geniş danışmış, dünyanın ikili standartları və çox vaxt haqsızın yanında olmasını təəssüflə bildirdi. Cənab Prezident konfrans iştirakçılarının öz gözləri ilə gördüyü dağıntıların, erməni vandalizminin bəzən düzgün qiymətləndirilməməsini, Azərbaycanın haqlı olduğu halda haqsız kimi qələmə verilməsinin mənfi nəticələrini diqqətə çatdırmaqla bir daha vurğuladı ki, bütün bunlara baxmayaraq xalqın və hökumətin birliyi, Azərbaycan xalqının əzmi və mübarizə ruhu bu problemlərin həllində başlıca rol oynadı.

Bu gün Azərbaycan hakimiyyətinin əsas priloritet məqsədlərindən biri regionda davamlı sülhə nail olunması, Qarabağda sosial infrastrukturun sürətli bərpası, yerli əhalinin qayıdışının təmin edilməsidir. Dövlət başçısı bu barədə konfransda danışarkən qeyd etdi ki, erməni seperatizminin nəticəsi olaraq Cənubi Qafqazda regional əməkdaşlıq düz 30 il ləngimişdir. Cənab Prezidentin “ Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər” fikri  Azərbaycanın sülh və əməkdaşlıq sahəsində real və konstruktiv mövqeyini bir daha ortaya qoymuşdur”.

Bunları mətbuata Milli Məclisin deputatı Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Cənab Prezident konfransdakı giriş nitqində və suallara cavabında qətiyyətlə Azərbaycanın prioritet istiqamətlərini dönə-dönə vurğulamış, bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın zəruriyyətini əsaslandırmışdır. O, qeyd etmişdir ki, Ermənistanın regional inkişafın bir hissəsi olması üçün bizim enerji resurslarımızdan faydalanmalı, beynəlxalq enerji və daşımalar marşrutlarına qoşulmalıdır. Bunun üçün ilk növbədə seperatizmdən əl çəkilməli, ziddiyyətli bəyanatlardan, revanşist meyillərdən uzaq durulmalıdır. Ermənistanda hazırda baş verən siyasi proseslər onu göstərir ki, bu ölkənin hakim dairələri anlamağa başlayıblar ki, sülh prosesi onların istəyindən asılı olmayaraq davam edəcəkdir və onlar danışıqlar masası arxasında oturmağa məcburdurlar. Avropa İttifaqının ayırdığı maliyyə vəsaitləri də məhz gələcəkdə dayanıqlı sülhün bərpasına xidmət etməlidir. Əgər onlar bu prosesi də ləngitməyə çalışsalar onda daha ağrılı vəziyyətlə üzləşəcəklər. Bir daha Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi səsləndirən Prezident qeyd etdi ki, bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.”
Millət vəkili qeyd etmişdir ki, “Cənab Prezident Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə əlaqələrinə dair sualları cavablandırarkən bildirdi ki, biz daim regionda sülhə dəstək verən, qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrə üstünlük verir, bərabərhüquqlu müqavilələrdə iştirakdan məmnunluq duyuruq. “Şuşa Bəyannaməsi”ni imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Bu onu göstərir ki, bizə müharibə yox, sülh, quruculuq və inkişafa yönəlmiş fəaliyyət gərəkdir. Regionumuzda sülh və qarşılıqlı etimad olacaqsa inkişaf da olacaqdır. Bir sözlə, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir;

Cənab Prezident qeyd etdi ki, bizdən fərqli olaraq erməni diasporu fəaliyyət göstərdikləri ölkələrdə hakimiyyətlərə təzyiq etməklə Ermənistanın müdafiə edilməsinə çalışır, hər vəchlə özlərinin “yazıq” , “əzabkeş” obrazlarını yaradıb daha çox yardımlar almağa çalışırlar. Lakin biz öz gücümüzlə, öz iqtisadi inkişafımızı təmin etməklə həm ordumuzu gücləndirir, həm də bərpa-quruculuq işlərini aparırıq. Təəssüf ki, minalanmış ərazilərdə hələ də itkilər veririk və bu məsələdə bizə dəstək azdır. Amma bunlara baxmayaraq biz öz işimizi davama etdiririk və etdirəcəyik də. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir”.

Millət vəkili sonda qeyd etmişdir ki, “konfransda cənab Prezidentin toxunduğu məsələlər əhatə dairəsinə görə çox geniş olmaqla, həm regionun, həm də qloballaşan dünyada Azərbaycanın yerini, fəaliyyətin istiqamətlərini, məqsədlərini açıq şəkildə ifadə etməklə, daxili siyasətdə həyata keçiriləcək islahatların anonsunu verdi. Biz 44 günlük müharibədən qalibiyyətlə çıxdığımız kimi gələcək inkişafın qarşısında duran problemləri də, əngəlləri də aradan qaldırıb öz yolumuza davam edəcəyik. Bu onun göstəricisidir ki, Azərbaycanı güclü edən xalqın birliyi, rəhbərin uzaqgörən siyasətidir”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024