Mobil versiya
Rəşad Həsənov: “Şuşanın azad olunması Ermənistanı dərhal kapitulyasiya aktını imzalamağa məcbur qoydu”
Tarix: 27-04-2022 | Saat: 11:18
Bölmə:Ölkə | çapa göndər

Rəşad Həsənov: “Şuşanın azad olunması Ermənistanı dərhal kapitulyasiya aktını imzalamağa məcbur qoydu”

44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspor nümayəndələri, həmçinin qonaqlar ermənilərin faşizm xislətinin şahidi olmaqla yanaşı, postmüharibə dövründə - Qələbədən keçən dövr ərzində Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə də yaxından tanış olacaqlar. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasını nəzərdə tutan xəyanətkar planlar alt-üst oldu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanan Azərbaycan həm qondarma “Dağlıq Qarabağ” üçün bizdən tamamilə əsassız olaraq tələb edilən hər hansı bir muxtariyyət statusuna dair bütün iddiaları tarixin zibilliyinə atdı, həm də ümumiyyətlə belə bir inzibati ərazi adını yox etdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsi Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Noyabr ayının 8-də Şuşanı azad edən Azərbaycan Ordusu düşməni diz çökdürdü və bir gün sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzaladı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.

Bu gün Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan mühüm tarixi hadisə oldu. Eyni zamanda da bu mötəbər tədbir diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər. Bu seçim Şuşanın 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər fonunda yeni çağırışlar və hədəflər meydana çıxıb. Məhz bu baxımdan da Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz Şuşada müəyyənləşdirməsi xüsusi məna kəsb edir. Şuşa bizim üçün mədəniyyət paytaxtı, zəfər rəmzi olmaqla yanaşı, həm də artıq birliyimizin, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzidir. Azərbaycan Prezidentinin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələr isə qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər olacaq. Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Təbii ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Digər tərəfdən isə hazırda Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı da üzərinə götürür.

Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ulu Öndər Heydər Əliyevin illər öncə söylədiyi fikirlər bu gün reallığa çevrilir. Ümummilli Lider deyirdi ki, biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu.

Bu gün Ermənistan rəhbərliyinin hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması, Azərbaycan-Ermənistan sərhəddində təxribatlara yol verilməsi, ara-sıra eşidilən təhdid xarakterli bəyanatlar bunu deməyə əsas verir ki, revanşist əhval-ruhiyəli qüvvələr hələ də Ermənistanda müəyyən mövqelərə sahibdirlər. Bu qüvvələr özləri ilə bərabər bütün ölkəni və və erməni xalqını yeni fəlakətlərə doğru sürükləməkdə davam edirlər. Əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Lakin əgər Ermənistanın daxilində gedən proseslər hər hansı bir formada Azərbaycanın maraqları ilə ziddiyyət yaradarsa, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir şəkildə təhdid əlamətləri ortaya çıxarsa, o zaman Azərbaycan buna dərhal adekvat reaksiya verəcək. Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxış və müsahibələrində bunu dəfələrlə vurğulayıb.

Rəşad Həsənov
Astara Rayon Təhsil Şöbəsinin müdiri,
YAP Astara rayon təşkilatının İdarə Heyətinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024