Mobil versiya
Zəfər Qurultayı qələbəmizin növbəti təntənəsidir
Tarix: 26-04-2022 | Saat: 16:26
Bölmə:Ölkə | çapa göndər

Zəfər Qurultayı qələbəmizin növbəti təntənəsidir

Qədim şəhərimiz, milli qürurumuz olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra dünya azərbaycanlılarının ilk qurultayı olduğu üçün bu əlamətdar tədbir Zəfər qurultayı adlandırılır. Məlumdur ki, qurultayda Prezident İlham Əliyev geniş və parlaq nitq söylədi. Dövlətimizin başçısı Zəfər qurultayının əhəmiyyəti, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də, regionda baş verən proseslər haqqında fikirlərini bildirdi.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib.

Bildirilib ki, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq dövlətimizin, cəmiyyətimizin və diasporumuzun əsas vəzifəsi olub. “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”,- söyləyən dövlətimizin başçısı bildirib ki, artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edirlər.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin qurultaydakı çıxışı postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva edib. Xalqımızın əzmi, Vətən sevgisi, Ordumuzun gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyənləşdirir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşada keçirilən Zəfər Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır. Prezident İlham Əliyevin çıxışı da diasporumuzun gələcək fəaliyyəti üçün “Yol xəritəsi” hesab oluna bilər. Qarşıda dayanan vəzifələrə isə tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif mövzuda kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxildir. Digər tərəfdən, yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələr diqqət mərkəzində dayanır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024