Mobil versiya
Lütvəli Şıxəliyev: “Ulu Öndərin 21 il bundan əvvəl dediyi sözlər gerçəyə çevrildi və bütün dünya bunun şahidi oldu”
Tarix: 26-04-2022 | Saat: 11:26
Bölmə:Ölkə | çapa göndər

Lütvəli Şıxəliyev: “Ulu Öndərin 21 il bundan əvvəl dediyi sözlər gerçəyə çevrildi və bütün dünya bunun şahidi oldu”

Aprel ayının 22-23-də Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşada keçirilməsi bu qədim şəhərin tarixi Azərbaycan torpağı olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj oldu. Bəli, Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. Bu baxımdan BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən indiyədək həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətinin bəhrəsi son vaxtlar Şuşada bir-birindən əhəmiyyətli tədbirlərin keçirilməsində özünü büruzə verir. Həmçinin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Bundan başqa İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha Azərbaycan mövqeyini dəstəkləyən bir neçə qətnamə, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edildi.

Əlbəttə ki, güclü iqtisadiyyatın, qüdrətli ordunun yaradılması, milli həmrəyliyin təmin edilməsi, cəmiyyətdə yüksək vətənpərvərlik ab-havasının olması və qazanılmış şanlı Qələbə Prezident İlham Əliyevin xalqımız qarşısında misilsiz xidmətidir. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspor nümayəndələri, həmçinin qonaqlar ermənilərin faşizm xislətinin şahidi olmaqla yanaşı, postmüharibə dövründə - Qələbədən keçən dövr ərzində Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev aprelin 22-də Zəfər Qurultayının açılışında etdiyi tarixi çıxışında Qələbənin hərbi-siyasi yolla qazanılmasının çətinliyini, bu yolda xalqın, eləcə də dünya azərbaycanlılarının dövlətimizin başçısının ətrafında sıx birləşməsini, Prezident-Xalq-Ordu vəhdətini, postmüharibə dövründə ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsini, Qarabağın cənnətə çevrilməsi üçün başlanılan genişmiqyaslı işləri bir daha diqqətə çatdırdı. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, müstəqillik dövründə yetişən və vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri olub. Bu gənclik müstəqillik dövründə, ulu öndər Heydər Əliyevin siyasi irsi, gəncliyə verdiyi böyük inamın, etimadın, güvəncin, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zəfər Qurultayında söylədiyi nitqi əslində diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi” olmaqla yanaşı, gənc nəslə milli hisslərin, dilin, şanlı tariximizin aşılanması, öyrədilməsi, təbliğ edilməsi sahəsində konkret və aydın müddəaların məcmusudur. Bu nitqin əsas qayəsi də hədəflərimizin müəyyənləşdirilməsi və onların qarşısında dayanan əsas maneələrin aşkar olunmasıdır. Dövlət başçımızın dediyi kimi, ağır döyüşlərdə qələbə qazanan bir xalqın övladları arxayınlaşmamalı, haqdan, ədalətdən və Vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, usanmadan, fasiləsiz bir şəkildə davam etdirməlidirlər. Hədəflərimizə gedən yolumuzda harada yaşamağımızdan, hansı vəzifə tutmağımızdan asılı olmayaraq, Azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızı yaşatmağa həsr etməliyik. Birliyimizi, diriliyimizi qorumalı, inkişaf etdirməli, gələcək mübarizəmizə hamılıqla töhfə verməliyik. Yalnız belə olduğu təqdirdə daha güclü olacağıq, daha böyük əzmkarlıqla mübarizə aparacağıq.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, bu mötəbər tədbirin məhz Şuşa şəhərində keçirilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının ilk qurultayı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər əlbəttə ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Dövlət başçısı məqsədlərimizə çatmaq üçün ilk növbədə bütün xalqın, həm ölkə daxilində, həm də xarixdə yaşayan azərbaycanlıların həmrəyliyinə nail oldu. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024