Mobil versiya
Ceyhun Cahangirov: “Azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görməlidir və gördüklərini bütün dünyaya çatdırmalıdır”
Tarix: 25-04-2022 | Saat: 19:11
Bölmə:Ölkə | çapa göndər

Ceyhun Cahangirov: “Azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görməlidir və gördüklərini bütün dünyaya çatdırmalıdır”

2022-ci il Azərbaycan üçün, bütün dünya azərbaycanlıları üçün daha bir möhtəşəm tarixi hadisə ilə əlamətdar oldu. Aprel ayının 22-də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tarixi Vətənlərində, bütün Türk dünyasının göz bəbəyi sayılan qədim Şuşa şəhərində bir araya gəldilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Dünya Azərbaycanlılarının V qurultayının açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. İlk növbədə dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirilirsə, bu qurultayın adı yalnız Zəfər qurultayı ola bilər. Çünki bu mötəbər tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonra ilk dəfədir ki, keçirilir və dünya azərbaycanlıları məhz bu münasibətlə qədim şəhərimizə toplaşıblar. Prezident İlham Əliyev bir daha bütün dünyaya mesaj olaraq bəyan etdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu əlbəttə ki, həm ölkəmizdə, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün böyük xoşbəxtlikdir.

Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb olunur. Ona görə də Zəfər qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır.

Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər əlbəttə ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Dövlət başçısı məqsədlərimizə çatmaq üçün ilk növbədə bütün xalqın, həm ölkə daxilində, həm də xarixdə yaşayan azərbaycanlıların həmrəyliyinə nail oldu. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Dövlət başçımızın dediyi kimi, əgər bu şəhər ermənilərə mənsub olsaydı, onlar burada bu qədər dağıntılar, vəhşiliklər törətməzdilər. Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Şuşada bir dənə də olsun yeni bir bina tikilməmişdi. Tamamilə dağılmış Ağdamı isə xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Bəli, Xirosima atom bombası nəticəsində məhv edildi. Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edildi. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar və beynəlxalq təşkilatların hesabatlarında da bu faktlar var. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik.

Bu gün Zəfər qurultayının nümayəndələri Şuşaya “Zəfər yolu” ilə gəliblər. Bu yol ilə irəlilədikcə, insanlar ziddiyyətli mənzərələrə şahid olurdular. Bir tərəfdən 30 il boyunca erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu ürək ağrısız seyr etmək mümkün deyil, digər tərəfdən yenidən yaradılan, bərpa edilən və dirçələn Qarabağda aparılan işlər fərəh doğurur. Bu gün Azərbaycan Qarabağda dünya şəhərsalma təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər“ və “ağıllı kənd” layihələri həyata keçirir. Bu onun göstəricisidir ki Qarabağ Azərbaycan xalqının dədə-baba yurdudur. 30 il ərzində “Qarabağ bizimdir” deyib hayqıran ermənilər burada ancaq vandalizmlə məşğul olmuşlar. Bu gün isə artıq Azərbaycan xalqı bu torpaqlarının əsil sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş eydirir və bir daha özünün yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalq olduğunu hər kəsə sübut edir.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı
.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024