Mobil versiya
Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir
Tarix: 23-04-2022 | Saat: 18:11
Bölmə:Media | çapa göndər

Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə”nin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfəri gələcəkdə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi baxımından səmərəliliyi, müsbət nəticələri ilə diqqət çəkdi. İki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsini şərtləndirəcək çoxlu sənədlər imzalandı. Həmin sənədlərdən ən əsası “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” oldu. Prezident İlhan Əliyev adı çəkilən bəyannamənin önəmini diqqətə çatdıraraq dedi: “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”.

Azərbaycan və Qırğızıstan prezidentlərinin istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, eləcə də mətbuata bəyanatlarla çıxışlarında iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi bildirilib. Dövlət başçılarının nitqlərində, eyni zamanda, bu fəaliyyətin gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Görüləcək işlər nəticəsində həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni müsbət nəticələrin gerçəkləşəcəyi diqqətə çatdırılıb. Şübhəsiz ki, bütün bunlar qarşılıqlı iqtisadi fəaliyyətin, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizliyi şərtləndirəcək.

Yeri gəlmişkən, bu gün Qırğız Respublikası Azərbaycanla geniş ticari-iqtisadi sahədə əməli əməkdaşlıq reallaşdırması üçün geniş imkanlara malikdir. Ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindəndir. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin gücləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir.

Qeyd etmək yerinə düşər ki, hazırda Qırğız Respublikasının iqtisadiyyatı sürətlə inkişaf edir, liberallaşdırılma diqqət mərkəzində saxlanılır. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır.

Söz yox ki, bu prosesə Azərbaycanda da hər zaman həssaslıqla yanaşılıb, xarici investisiya qoyuluşuna xüsusi önəm verilib, azad iqtisadi zonaların fəaliyyət dairəsi genişləndirilib, güzəştli vergi və gömrük rejimləri müasir standartlara uyğunlaşdırılıb. Bütün bunlarla bərabər, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bütün bu gerçəkləşdirilən tədbirlərin nəticəsidir ki, 2021-ci ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar təqribən 580 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

Göründüyü kimi, Azərbaycan hökuməti ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Görüşlərdə iki dövlət arasında investisiya layihələri ilə bağlı məsələlərin müzakirəsi zamanı nəqliyyat imkanlarının birləşdirilməsinin mümkünlüyü qeyd edildi. Dövlətimizin başçısı bununla bağlı mətbuata bəyanatında bildirdi: “Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”.

Qırğızıstan və Azərbaycanda həyata keçirilən layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirmək barədə də fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə də nəzər salındı, bu sahədə böyük perspektivlərin mövcudluğu diqqətə çatdırıldı.

Azərbaycan və Qırğızıstan prezidentlərinin istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, eləcə də mətbuata bəyanatlarla çıxışlarında iki ölkə arasında geniş mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsi məsələsi də xüsusi vurğulandı, mədəniyyət xadimlərinin bu sahədə fəallığı diqqətə çatdırıldı. Bundan əlavə, ölkələrimiz tərəfindən BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərildiyi, Qırğızıstanın Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəklədiyi xatırladıldı.

Prezident İlham Əliyev mətbuata bəyanatında bununla bağlı dedi: “Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”. Dövlətimizin başçısı daha sonra beynəlxalq sahədə Qırğızıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birilə həmfikir olduğunu, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və ECO çərçivəsində, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında bu ölkə tərəfindən dəstək göstərildiyini bildirdi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov geniş tərkibdə görüşdə iki ölkə arasında əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edərək, dedi: “Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: “Okeana bənzəyən “Manas” eposu əsrlərin dərinliyindən gələn qırğız mənəvi irsinin parlaq zirvəsidir. Bu, dünya miqyaslı ən iri eposdur, onun aparıcı mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök salıb, buna görə də biz birliyi, şərəfi, ədaləti dərindən qiymətləndirir və ona ehtiram bəsləyirik”. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. “Manas” eposunun 1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev demişdi: “Biz bir-birimizi qəlbən hiss edir və başa düşürük”.

Ən əsası, səfərin yekunlarına əsasən əldə edilən razılaşmaların, imzalanan sənədlərdə nəzərdə tutulan məsələlərin reallaşması üçün konkret proqramın müəyyənləşdiriləcəyi və bunun üçün yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçiriləcəyi qərara alındı.

Atəş Avazov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Dövlət Aqrar
İnkişaf  Mərkəzi ərazi ilk partiya təşkilatınnin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024