Mobil versiya
Azərbaycan dilinin gələcəyi əmin əllərdədir
Tarix: 23-04-2022 | Saat: 09:58
Bölmə:Media | çapa göndər

Azərbaycan dilinin gələcəyi əmin əllərdədir

Məlum olduğu kimi, insanlar arasında ünsiyyət vasitəsi olan dil mədəniyyətin, bir sıra sənət sahələrinin inkişafı üçün cəmiyyətdə əsas amil hesab edilir. Ona görə ki, məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyərək əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də öyrənirlər. Eyni zamanda, hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir toplum kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik.

Amma o da bir faktdır ki, yeni tarixmizin müəyyən dövrlərində dilimiz müxtəlif repressiya və təzyiqlərə məruz qalıb. Belə ki, 1920-ci ilin aprelin 27-də Azərbaycan Demokratik Respublikası süquta uğrayandan, ittifaq yaranandan sonra dilimizə qarşı diskriminasiya siyasəti yürüdülməyə başlandı. SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının yeni Anayasası hazırlanarkən konstitusiya layihəsində dilimizin Azərbaycan dili adlandırılması nəzərdə tutulmuşdu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
2002-ci ilə qədər olduğu kimi, 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyev xalqın əksəriyyətinin səsi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin qorunması və inikişafı üçün mühüm addımlar atılıb. Qürurverici haldır ki, xalqımız və dövlətimiz tərəfindən dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dilinin gələcəyi əmin əllərdədir.

Ofelya Rəhimova,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca
kənd ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024