Mobil versiya
Ana dili xalqımızın müqəddəs dəyəridir
Tarix: 22-04-2022 | Saat: 16:20
Bölmə:Media | çapa göndər

Ana dili xalqımızın müqəddəs dəyəridir


Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Tariximizdə dövlət xadimlərinin, mütəfəkkirlərimizin, ədiblərimizin ana dilimizə verdikləri dəyərlərlə bağlı müxtəlif nümunələr var.

Kommunizm ideologiyasının hakim olduğu, xalqımızın milli-mənəvi dəyərlərinin repressiyalara məruz qaldığı sovet dövründə isə ana dilimizin qorunmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri olub. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə başladıqdan sonra yüksəksəviyyəli yığıncaqlarda, məsələn, Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş toplantıda, müşavirələrdə ana dilimizdə çıxışlar edib.

Ötən əsrin 70-ci illərində SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bu gün müasir tariximizdə Azərbaycan dilinin ilk dəfə dövlət dili kimi təsbit olunmasından 44 il ötür. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu. Ulu Öndər Heydər Əliyevin sayəsində hələ sovet dövründə Azərbaycan dilinin dövlət dili elan edilməsini bu gün xalqımız böyük ehtiramla xatırlayır.

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması ilə bağlı tarixi xidmətləri bununla bitməyib. Ümummilli Lider Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində digər vasitələrdən istifadə edib. Məsələn, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyıb.

Məlum olduğu kimi, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunan Konstitusiyamızın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, – deyə bildirən Ümummilli Lider ana dilimizin mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Belə ki, Ümummilli Lider Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bununla yanaşı, Prezident Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı siyasətini Prezident İlham Əliyev də ardıcıl olaraq davam etdirir, dilimizin mühafizəsi və inkişafı ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan milli ensiklopediyasının nəşri bunun bariz nümunələridir. 2013-cü ildə isə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramın məqsədi qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etməkdir.

Beləliklə, tarixdən bizə məlum olan, son illərdə görülən işlər və xalqımızın Azərbaycan dilinə göstərdiyi hörmət və məhəbbət sübut edir ki, ana dili xalqımızın müqəddəs dəyəridir. Ulu Öndər Heydər Əliyevin başlatdığı, möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mütərəqqi dövlət siyasəti nəticəsində bu dəyər layiqincə qorunur və gələcək nəsillərə ötürülür.

Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024