Mobil versiya
Şəfa Həsənova: Heydər Əliyevin dil siyasəti Ana dilimizin inkişafında mühüm mərhələdir
Tarix: 22-04-2022 | Saat: 15:47
Bölmə:Ölkə | çapa göndər

Şəfa Həsənova: Heydər Əliyevin dil siyasəti Ana dilimizin inkişafında mühüm mərhələdir

İstiqlal şairimiz Xəlil Rza Ulutürkün: “Yad məktəbə verilir umudumun qalası, O qaraqaş, qaragöz Azərbaycan balası”, – deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. İnsan, vətəndaş kimi borcunu başa düşür, dolayısı ilə Azərbaycan dilinə borclu olduğunu dərk edir. Bu dillə ruhunu, fikrini, istək və arzusunu, böyük ideallarını ifadə edir. Xalqımızın laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Azərbaycan dilinə olan sevgi, bağlılıq, doğmalıq onun qüdrətini torpaq və Vətən qədər müqəddəs zirvəyə çatdırır.

1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər   Əliyevin adıyla bağlıdır.  Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu, cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı, bünövrə sütunudur. Əslində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbiti istər-istəməz 50 milyona  yaxın azərbaycanlının haqqını özünə qaytarmaq, ədaləti bərpa etmək, milli təəssübkeşliyi üstün olan ziyalılarımızın ruhuna hsrmət, əməllərinə sədaqət əlamətidir.

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi. Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də ulu öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün   lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Böyük öndər Heydər Əliyev ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi,neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi. Hansı ki o dövrdə bu böyük cəsarət tələb edirdi. Çünki bu hərəkətlər imperiya maraqlarına zidd idi. Lakin Heydə\r Əlirza oğlu bu cəsarət nümunəsini göstərərək ana dilinə sədaqətini, Vətənə məhəbbətini biruzə verdi və heç zaman da bu yoldan dönmədi. 1978-ci ildə qəbul olunan konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heş kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi şəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz nə üşün bizə mane olursunuz.

…Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu.”

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz  Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Şəfa Həsənova,
YAP Gədəbəy Rayon Təşkilatı
1 saylı şəhər məktəb Ərazi Partiya Təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024