Mobil versiya
Fərhad Ələkbərov: “Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir”
Tarix: 22-04-2022 | Saat: 13:23
Bölmə:Ölkə | çapa göndər

Fərhad Ələkbərov: “Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir”

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz ulu öndərin sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “...Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, SSRİ-də müttəfiq respublikaların əhalisini təşkil edən xalqların milli dilləri ilə bağlı son dərəcə gərgin bir vəziyyət formalaşmışdı. Vahid “sovet xalqı” konsepsiyasından çıxış edən ölkə rəhbərliyi əslində kommunist rejiminin cəmi 10-15 il sonra tam fiaskoya uğrayacaq “beynəlmiləlçilik” siyasətini həyata keçirməyə çalışırdı. Məhz elə bu məqsədlə də SSRİ xalqlarının milli mənsubiyyətlərinin unutdurulması istiqamətində gərgin iş aparılırdı. Xüsusilə SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Yaranmış belə bir gərgin şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq əlbəttə ki, çox böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Lakin bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Ümummilli lider Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər birmənalı olaraq ulu öndərin Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir.

Ulu öndər Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən on ilə yaxın bir müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə məhz Heydər Əliyevin səyləri nəticəsində hələ sovet dönəmində Azərbaycan dilinin dövlət dili statusu respublikanın Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib.

Qeyd etmək lazımdır ki, ulu öndər hələ 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gəldiyi zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Artıq XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi. 

1969-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Ulu öndər ilk növbədə Azərbaycanın intellektual sabahını düşünmüş, sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ümumilli liderin elm və təhsilin konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhləmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Ümummilli Lider Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır.

1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün tam bir proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. “Təhsil sahəsi xalqımızın bu günü,millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən ümumilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman və sərəncamlar verdi.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Məhz bu illər ərzində dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Bir sözlə, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür.

Fərhad Ələkbərov,
YAP Gədəbəy rayon təşkilatı
Slavyanka kənd ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025