Mobil versiya
Səadət İsgəndərova: Ana dilimizlə qürur duyuruq !
Tarix: 22-04-2022 | Saat: 11:41
Bölmə:Media | çapa göndər

Səadət İsgəndərova: Ana dilimizlə qürur duyuruq !

Müdriklər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur.

XX əsrdə Azərbaycan dili öz inkişaf dövrünü keçdi, formalaşdı və gəlib dövlət dili səviyyəsinə çatdı. Hər birimiz yaxşı bilirik ki, Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.

Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsini aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Sadalananlar Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Onun siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bütün bunlar 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdi. 
Təbii ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.
Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan işlər həyata keçirmişdir. Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Azərbaycan dilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb.
 Ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.
 Ümummilli lider Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bütün sahələrə, o cümlədən doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. 

Səadət İsgəndərova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024