Mobil versiya
SAHİBKARLIĞIN İNKİŞAFI PRİORİTET MƏSƏLƏDİR - FOTOLAR
Tarix: 21-04-2022 | Saat: 21:31
Bölmə:Manşet / Ölkə | çapa göndər

SAHİBKARLIĞIN İNKİŞAFI PRİORİTET MƏSƏLƏDİR

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.

Bu günün böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bölgələrimizdən biri də Goranboy rayonudur. Ənənəvi olaraq Sahibkarlar Günü ərəfəsində Goranboy rayonunda Biznes forum keçirildi. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Forumda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, ziyalılar, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Məhərrəm Quliyev dedi:

“Müstəqilliyimizin ilk dövrlərindən etibarən Azərbaycanda sahibkarlığın inkişafı priroritet məsələ olmuşdur. Ulu Öndər Heydər Əliyevin  rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün zümrələrinin qayğı və problemlərini diqqət mərkəzində saxlayır, cəmiyyət həyatının bütün sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirib tərrəqqi yolunu göstərirdi. Həmişə xalqa arxalanan, xalqa arxa duran Ulu Öndərimizin bütün təbəqələrin təmsilçiləri ilə keçirdiyi görüşlər tarixə çevrilmişdir.

Dahi rəhbərin 2002-ci il aprelin 25-də Prezident sarayında yerli sahibkarlarla görüşü də iş adamlarının yaddaşında silinməz iz salmışdır. Həmin gün ayrı-ayrı müəssisələrin, səhmdar cəmiyyətlərinin buraxdığı məhsullarla, istehsal müəssisələrinin vəziyyəti, rəqabət qabiliyyəti, daxili təlabatın ödənilməsi, bazarda məhsulların satışının vəziyyəti və təşkili ilə maraqlanan Heydər Əliyev yerli iş adamlarına müvafiq tövsiyə və məsləhətlərini verdi.
Doğrudur, o vaxtadək cəmiyyətdə sahibkarlar təbəqəsi artıq formalaşmış, iqtisadiyyatın bir çox sahələri dövlət inhisarından çıxmış, özəlləşdirilmişdi. Heydər Əliyev hakimiyyətə gələn kimi atdığı ilk addım məhz sahibkarlıq fəaliyyəti ilə bağlı qanunların imzalanması olmuşdu. Son dərəcə səmimi atmosferdə keçən 25 aprel görüşünün məqsədi Azərbaycanda yerli sahibkarların vəziyyəti ilə daha da yaxından tanış olmaq, onların işinə çətinlik törədən amilləri, dövlətin, hökumətin qanunlarının, sərəncamlarının, qərarlarının yerinə yetirilməsinə mane olan səbəbləri öyrənmək idi.
Məhz, həmin tarixi görüş Azərbaycanda sahibkarlığın inkişafında mühüm addımların atılması üçün təkan oldu. Sahibkar arxasında dövlətin durduğunu hiss etdi, yeni iş yerlərinin açılmasında, müasir texnologiyanın ölkəyə gətirilməsində maraqlı olan dövlət isə belə fəaliyyəti təqdir etdi. Günün reallığı budur. Sahibkarlara olan rəğbətin əsasını isə onların dövlətin möhkəmləndirilməsi, işsizliyin azaldılması, büdcə gəlirlərinin artmasında oynadığı rol dayanır. Əgər bir sahibkar öz fəaliyyəti ilə həm büdcəyə gəlir gətirir, həm yeni iş yerləri açır, ölkəyə yeni texnologiyalar gətirir, həm də insanların tələbatının ödənilməsində müəyyən rol oynayırsa nədən ona qayğı və diqqət göstərilməsin?
Məhz, Ulu Öndərin bizlərə vəsiyyəti də, cənab Prezidentin tövsiyəsi də belə olmuşdur. Bütün hallarda yerli sahibkarlıq təşviq edilməli, sahibkarlara dövlət qayğısı göstərilməlidir”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxışında qeyd etdi ki, “Sahibkarlar Günü”nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.
Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün inkişaf prosesində orta təbəqənin - iqtisadi inkişafın və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsna əhəmiyyət daşıyır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır.
Prezident İlham Əliyev çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur”.

Görüşdə iş adamları, sahibkarlar çıxışlarında onlara yaradılmış imkanlardan bəhs edərək problemlərin həlli istiqamətində yerli hakimiyyət orqanlarının diqqət və qayğısından danışdılar. Qeyd olundu ki, son illərdə Goranboy rayonunda sahibkarlığın inkişafına göstərilən qayğı onların daha geniş fəaliyyətinə imkan yaratmışdır.

Tədbirin sonunda fəaliyyəti ilə fərqlənmiş 8 nəfər yerli sahibkar müxtəlif nominasiyalar üzrə diplomlarla və Goranboy Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildilər. il ərzində fəaliyyəti ilə daha çox fərqlənmiş sahibkar Xaliq Mustafayevə “İlin sahibkarı” diplomu təqdim edildi.

Tədbirin rəsmi hissəsindən sonra “Med Life Diaqnostik və Estetik Mərkəz”ə mediatur keçirildi. Mətbuat nümayəndələrinə məlumat verildi ki, Mərkəz bölgədə fəaliyyət göstərən səhiyyə müəssisəsi kimi nümunəvi xidməti ilə fərqlənir. İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev bildirdi ki Mərkəzin təməlqoyma mərasimində iştirak edərkən düşünürdüm ki, bu səhiyyə ocağı daha geniş profilli bir müəssisəyə çevrilsin. İndi bu arzumuz da reallaşmaq üzrədir. Belə ki tələbatın artması nəzərə alınaraq Mərkəzin II korpusu tikilir. Tikinti işləri yaxın vaxtlarda tamamlanacaqdır. Müasir avadanlıqlarla təmin olunacaq bu səhiyyə ocağının fəaliyyətinin genişləndirilməsi sayəsində həm insanlara tibbi xidmətin keyfiyyəti yaxşılaşacaq, həm də 232 yeni iş yeri açılacaqdır.

Azər Məmmədov,
Goranboy

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024