Mobil versiya
Müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi
Tarix: 21-04-2022 | Saat: 16:26
Bölmə:Ölkə | çapa göndər

Müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi


Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, - ifadəsi də böyük öndərimizə məxsusdur.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik.

Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Ölkə başçısı, həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.

Dilarə Qazıyeva,
YAP Göygöl rayon təşkilatı üzrə 1 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının fəal üzvü
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024