Mobil versiya
Vüqar Əliyev: “Ermənistanı silahlandıran qüvvələr Cənubi Qafqazda sülhün əleyhinə çıxış edirlər”
Tarix: 14-04-2022 | Saat: 18:49
Bölmə:Ölkə | çapa göndər

Vüqar Əliyev: “Ermənistanı silahlandıran qüvvələr Cənubi Qafqazda sülhün əleyhinə çıxış edirlər”

Prezident İlham Əliyevin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, biz indi qalib ölkə, qalib xalqıq. Təbii ki, müharibədən sonrakı dövrdə Azərbaycanın bütün sahələrdə inkişafı, o cümlədən iqtisadi inkişafı yeni, daha yüksək dinamika aldı. Qələbədən sonra keçən bir il və cari ilin ilk üç ayının yekunları da ölkəmizin iqtisadi gücünün günü-gündən artdığını deməyə əsas verir. 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxış edən dövlət başçısı qeyd etdi ki, bu ilin ilk üç ayında ölkəmizdə müşahidə olunan dinamik inkişaf məhz 2021-ci ildə gedən inkişafın davamıdır. Həqiqətən də keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Post müharibə dövrünün ilk ili olaraq 2021-ci ildə ölkənin qarşısında duran iki əsas məqsəd azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Ötən il ərzində ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam etmiş, dövlətimizin ciddi səyləri nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Aprelin 12-də keçirilmiş, bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, bu, çox əlamətdar hadisə idi. Bu tədbirin məhz BMT xətti ilə keçirilməsi bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Bu faktı da diqqətdən kənarda qoymaq olmaz ki, Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Həmçinin postmüharibə dövründə Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğruilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün əsas vacib şərtdir.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanması keçən il Azərbaycanın qarşısında duran iki əsas məsələdən biri idi. Bu baxımdan da Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa ediləcək şəhərlərimizin Baş planları ilə bağlı verdiyi ətraflı açıqlamalar xüsusi önəm kəsb edir. Öz çıxışında dövlətimizin başçısı bildirdi ki, hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Həmçinin digər şəhərlərin Baş planlarının təsdiqlənməsi də bu yaxınlarda gerçəkləşəcək. Dövlət başçısı qeyd etdi ki, bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanıb təsdiq edilməlidir. Bundan sonra isə Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramına əlavələr ediləcəkdir. Birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza malik olan bir ölkəyə çevrilib.

Bir məqama da xüsusi olaraq diqqət yetirmək lazımdır ki, bu gün Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi hazırda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Müşavirədə etdiyi çıxışında Azərbaycan Prezidenti bütün dünyada olan ermənipərəst qüvvələrə açıq-aydın xəbərdarlıq mesajını verərək belə dedi: “Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək”.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024