Mobil versiya
“COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib - FOTOLAR
Tarix: 13-04-2022 | Saat: 16:53
Bölmə:Ölkə | çapa göndər

“COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib

Aprelin 13-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib edilmiş “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən Elmi Simpozium dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

aia.az xəbər verir ki, tədbirdə Dövlət qurumlarının rəsmi nümayəndələri, eləcə də yüksəkixtisaslı həkimlərin iştirak edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov COVID-19 infeksiyasının Azərbaycan əhalisi arasında kütləvi surətdə yayılmasının qarşısının alınması və ölkəmizdə pandemiya şəraitinin nəzarətdə saxlanılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib, Mərkəzi Gömrük Hospitalının da pandemiya dövründə 21 ay ərzində yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olduğunu bildirib. O, bu dövrdə Mərkəzi Gömrük Hospitalında 2000-dən çox COVID-19 xəstəsinin stasionar müalicə aldığını, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 300-dən çox pasiyentin reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunduğunu söyləyib. Mərkəzi Gömrük Hospitalının əldə etdiyi müvafiq təcrübə əsasında ərsəyə gətirilmiş metodik vəsaitin hazırlanma mərhələsi barədə məlumat verən C.Məmmədov bildirib ki, bu vəsait yalnız şəxsi təcrübəyə deyil, həm də çoxsaylı beynəlxalq araşdırmaların nəticələrinə, nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilmiş məqalələrə əsaslanır. Qeyd olunub ki, metodik vəsait Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 1 mart 2022-ci il tarixli 04 nömrəli qərarı ilə təsdiq edilib və bu sənəd COVID-19 pandemiyası dövründə Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı tərəfindən görülmüş işlərin məntiqi yekunudur.
Ceyhun Məmmədov onu da bildirib ki, elmi simpozium COVID-19-un diaqnostika və müalicəsi sahəsində ən son nailiyyətlər barədə müzakirə və təcrübə mübadiləsi aparılması üçün mütəxəssislər arasında platforma yaratmaq məqsədi ilə təşkil olunub.

Simpoziumun rəsmi açılış hissəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov və Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov da çıxış ediblər.
Onlar Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə davamlı tibbi təhsil fəaliyyətlərinin icrasına töhfə verdiyi üçün təşəkkür edərək mövcud uğurlu əməkdaşlığın davamlı olacağına ümidvar olduqlarını bildiriblər.

Rəsmi hissədən sonra simpozium Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun moderatorluğu ilə “COVID-19-un diaqnostikası”, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov və həmin şöbənin həkimi Rəşad Nəsirlinin moderatorluğu ilə “COVID-19-un müalicəsi” panelləri ilə öz işini davam etdirib.

Simpoziumda “Metodik vəsait: COVID-19-un diaqnostika və müalicəsi üzrə beynəlxalq və yerli təcrübənin xülasəsi”, “Koronavirusun diaqnostikasında zəruri laborator müayinələr”, “COVID-19 xəstəliyinin radioloji diaqnostikası”, “COVID-19-un müalicəsində istifadə edilən dərman vasitələri”, “Ağır koronavirus xəstələrində ECMO tətbiqinin əsas prinsipləri” mövzularında Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr dinlənilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb. Elmi-simpozium zamanı iştirakçılara nəşr edilmiş metodik vəsaitlə yanaşı Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla mübarizəsini əks etdirən foto-albom da paylanılıb.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024