Mobil versiya
2018-ci il aprelin 11-də biz növbəti dəfə ən doğru seçimi etmişik
Tarix: 11-04-2022 | Saat: 17:37
Bölmə:Media | çapa göndər

2018-ci il aprelin 11-də biz növbəti dəfə ən doğru seçimi etmişik

Məlum olduğu kimi, dövlət başçımız İlham Əliyevin 4-cü dəfə Prezident seçilməsindən dörd il vaxt keçir. Həmin tarixi yada salanda, bir daha əminliklə bildiririk ki, Azərbaycan rəhbəri İlham Əliyev daim xalqına güvənən, ondan güc və ilham alan Prezidentdir. Tez-tez ictimaiyyət arasına çıxması, bölgələrə səfərlər etməsi, özünün doğum günlərini, el bayramlarını məcburi köçkün soydaşlarımızın yanında, işğaldan azad etdiyi rayonlarda, qəhrəman hərbçilərimizlə birgə keçirməsi, sadə camaatla üzbəüz görüşlərə gedərək, səmimi söhbətlər etməsi onun ali şəxsiyyətinin sadəliyini, böyüklüyünü göstərir.

Xatırladaq ki, 2018-ci il seçkiləri dünya iqtisadiyyatının müəyyən tənəzzülə məruz qaldığı, neftin qiymətinin kəskin düşdüyü, dolların nominal dəyərinin iki dəfə artdığı bir vaxta təsadüf edirdi. Amma Azərbaycan seçicisi bütün bunları heç də hakimiyyətin imkanlarının devalvasiyası saymadı və həvəslə seçkilərə gedərək yenidən ən çox inandığı namizədə səs verməklə kimlərinsə yersiz ambisiyalarına uymadı. Seçkilərdən sonrakı dövrdə qorunub saxlanan və daha da möhkəmlənən ictimai-siyasi sabitlik də, dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan səmərəli mübarizə də, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də göstərdi ki, biz doğru yoldayıq, haqq yolundayıq və heç bir yabançı təsir xalq-prezident birliyimizi zərrəcə də sarsıda bilməz.

Dayanıqlı inkişafa yönəlmiş siyasət yürüdən Prezident İlham Əliyev ötən müddətdə dövlətçiliyə xidmətləri ilə daim böyük etimada tam layiq olduğunu sübuta yetirib, dünya arenasında söz sahibi olan liderlərdən biri kimi tanınıb. Prezident postuna keçirilən seçkilərdə ardıcıl olaraq 4-cü dəfə qalib gəlməsi bir daha Onun məhz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu göstərdi. Belə ki, Ulu Öndərin qurduğu möhkəm təməl üzərində güclənən milli dövlətçiliyimiz ciddi şəkildə tərəqqi edib, ölkə iqtisadiyyatı şaxələnərək daha da genişlənib. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə yüksəlib.

Eyni zamanda, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub. İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən növbədənkənar seçkilərin keçirildiyi 2018-ci ilədək ölkəmizdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır. Strateji valyuta ehtiyatlarının artımı 26,6 dəfəyə yüksəlmişdir. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqları 12,9 dəfə çoxalmışdır. On beş il ərzində Azərbaycanda maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdır. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabət indeksində dünyadakı mövqeyini xeyli yüksəltmişdir. Müsbət tendensiya, artım şkalası indi də eyni vüsətlə davam edir.

Prezident seçkilərindən iki il əvvəl cəbhədə məlum Aprel döyüşləri olmuş, Azərbaycan əsgəri məğlubiyyətlə barışmadığını nümayiş etdirmişdi. Bu da seçkilərdə cənab İlham Əliyevin qələbəsini təmin edən şərtlərdən biri idi. Seçkilərdən bir ay sonra, 2018-ci ilin mayında bir həftəlik Günnit əməliyyatı isə bütün dünyaya ordumuzun gücünü, qələbə əzmini göstərmişdir. Seçkilərdən iki ay yarım sonra Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı Ali Baş Komandan bildirmişdi ki, hakimiyyətə gəldiyi ilk gündən torpaqlarımızın erməni işğalçılardan təmizlənməsi onun qarşısında dayanan ən mühüm və məsuliyyətli vəzifədir: “Gün gələcək və işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Həmin möhtəşəm hədəf iki ildən sonra həyata keçirildi. 2020-ci ildə baş tutan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində möhtəşəm tarixi Qələbəsi ilə nəticələnmiş, güclü havadarlarına güvənən ermənilərin hərbi təcavüzünə məruz qalmış doğma torpaqlarımız 30 illik işğaldan azad edilmişdir. Beləliklə, xalq özünün taleyüklü seçimində qətiyyən yanılmadığına böyük qələbə ilə sonuclanan 44 günlük Vətən müharibəsində bir daha tam əmin oldu. Sarsılmaz rəhbər-xalq-ordu birliyi sayəsində son 200 illik tariximizin ən parlaq səhifəsi yazıldı. Bu, şərəf, qeyrət, qətiyyət səhifəsidir. Müzəffər Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, diplomatik qətiyyəti, Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı, xalqımızın dönməz iradəsi və qələbə əzmi erməni faşizminin “Dəmir yumruq” əməliyyatı ilə məhv edilməsinə və Zəfər yürüşünün böyük uğurla sona çatmasına səbəb olmuşdur.

Beləliklə, möhtərəm dövlət başçımız İlham Əliyevin 2018-ci il aprelin 11-də növbəti dəfə Prezident seçilməsindən dörd il ötür. Seçkilərdən sonra düzənlənən andiçmə mərasimindəki çıxışında ölkə rəhbərimizin bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyimizi necə böyük inamla bəyan etdiyini qürurla xatırlayırıq. Zaman bir daha göstərdi ki, 2018-ci il aprelin 11-də biz növbəti dəfə ən doğru seçimi etmişik.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024