Mobil versiya
Kənan Hüseynli: “Dünyada sülhə, sabitliyə, barışığa köklənmiş siyasət !”
Tarix: 11-04-2022 | Saat: 15:45
Bölmə:Siyasət | çapa göndər

Kənan Hüseynli: “Dünyada sülhə, sabitliyə, barışığa köklənmiş siyasət !”

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasəti ölkəmizi beynəlxalq münasibətlərdə vacib bir tərəfdaş kimi tanıdıb. Beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi, sülhsevərlik, tolerantlıq və milli maraqlarımızın əsas götürülməsi prinsipləri əsasında qurulan siyasət məhz, uğurlu nəticələrin əldə olunacağından xəbər verir.

Ölkə başçımızın 6 aprel 2022-ci ilin tarixli Brüssel səfəri və səfər zamanı keçirilən görüşlərin nəticələri, əldə olunan uğurlar bir daha Prezidentimizin beynəlxalq aləmdə böyük nüfuz və hörmət sahibi olmasından xəbər verir.

Bu görüşlər və aparılan danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş də 2021-ci ilin dekabrın 14-də keçirildi, bununla da Möhtərəm Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu.Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılır, telefon danışıqları keçirilir. Dörd saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə müvafiq təlimatlar da verilib. Sülh razılaşmasının əsas komponenti isə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun Ermənistan tərəfindən qəbul olunmasıdır. Sözügedən sənəddə əsas məqam əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyüdür.

Brüssel görüşünün siyasi nəticələrinə gəlincə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan liderlərinin üz-üzə müzakirə aparması müsbət hadisədir. Tərəflər Moskva və Soçi görüşlərindən fərqli olaraq, üzərlərində basqı hiss etmədən rahat şəkildə mövqelərini ifadə edib, kompromislər axtara biliblər. Ümumən Avropanın sülh axtarışlarına qoşulması münaqişə tərəfləri üçün faydalıdır, çünki prosesi bütünlüklə Rusiyanın öhdəsinə və insafına buraxmaq bu gün nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğundur. Avropanın Azərbaycana və Ermənistana qapılarını açıq saxlaması ən azından Rusiyanın yeganə vasitəçi rolu oynamasını qismən də olsa, məhdudlaşdırmağa imkan verir.

Avropa İttifaqı tərəflərə xüsusi təkliflər təqdim etməyib və yeni təşəbbüslər irəli sürməyib. Danışıqlar 10 noyabr üçtərəfli razılaşması, 11 yanvar Moskva və 26 noyabr Soçi bəyanatlarında əldə olunan razılaşmaların yerinə yetirilməsi üzərində aparılır. Qərb bu bəyanatları və tərəflərin üzərlərinə götürdüyü öhdəliklərin icrasını dəstəkləyir, prosesin rəvan getməsi üçün öz texniki, humanitar dəstəyini təklif edir.

Şarl Mişelin və Nikol Paşinyanın bəyanatlarından aydın olur ki, görüşdə Naxçıvan MR və Azərbaycanın digər hissəsinin quru əlaqəsini təmin edəcək dəmir yolu xətinin çəkilməsi razılaşdırılıb. Daha doğrusu, Rusiyanın vasitəçiliyi ilə bu barədə əldə olunan razılaşma, Avropa İttifaqı rəhbərinin iştirakı ilə təsdiqlənib. Prezident İlham Əliyev NATO baş katibi ilə birgə mətbuat konfransında bu barədə belə deyib:“Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq əldə etmişik”.

Şarl Mişelin bəyanatında isə bu cümlə yer alıb:“Danışıqlarda dəmir yolu xətlərinin bərpası, qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarətinin yaradılması üçün müvafiq tədbirlər barədə razılıq əldə olunub”.

Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi,İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

Xalqımız əmindir ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin dünyada sülhə, sabitliyə, barışığa köklənmiş siyasəti qalib gələcək və yaxın gələcəkdə regionumuzdakı dövlətlər mehriban qonşuluq şəraitində yaşayacaqlar.


Kənan Hüseynli
YAP Qazax rayon təşkilatının əməkdaşı
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025