Mobil versiya
Əfqan Rzayev: “Azərbaycan gəncliyində vətənpərvərlik hissini gücləndirən əsas amillərdən biri tarixi Zəfərimizdir”
Tarix: 11-04-2022 | Saat: 14:28
Bölmə:Ölkə | çapa göndər

Əfqan Rzayev: “Azərbaycan gəncliyində vətənpərvərlik hissini gücləndirən əsas amillərdən biri tarixi Zəfərimizdir”

Məlum olduğu kimi, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. 1997-ci ildə İlham Əliyev cənablarının Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsindən sonra ölkəmizdə idmanın inkişafında əsaslı dönüş baş verdi. Məhz həmin ildən Azərbaycan idmanı tamamilə yeni, daha yüksək və dinamik inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Bir neçə gün bundan əvvəl Macarıstanın paytaxtı olan Budapeşt şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanan idmançılarımız Azərbaycanın beynəlxalq idman nüfuzunu daha da yüksəltmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 8-də Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən etdiyi çıxışında da vurğuladı ki, Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Eyni zamanda da güləş bizim ənənəvi idman növümüz olduğu üçün, bu qələbənin Azərbaycan üçün önəmi daha yüksəkdir. İdmançılarımız artıq bundan sonra istənilən bir yarışa çıxanda hər zaman xatırlamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın həm gənclər, həm də böyüklər arasında Avropada birinci yeri tutması onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və Azərbaycanda güclü gənc nəsil yetişir. Bu isə Azərbaycanın gələcək qələbələrinin əsasıdır.

2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə ki, bu müharibədə Zəfər qazanmış Şanlı Ordumuzun da aparıcı qüvvəsi məhz vətənpərvər Azərbaycan gəncliyi idi. Artıq Azərbaycan idmançıları da dünyanın ən mötəbər idman arenalarında qalib ölkəni təmsil etmələrindən böyük qürur duyurlar. Heç şübhəsiz bu amilin özü də qələbələrə aparan yolda böyük bir stimuldur. Aydındır ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də idman inkişaf etdiriləcək. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, artıq indidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.

Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi ən müasir tələblər səviyyəsində inkişaf etdirilir. Bu prosesin daha da genişmiqyaslı olması üçün dövlətimiz tərəfindən bütün gərəkli addımlar vaxtında və qətiyyətli şəkildə atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar sayəsində qarşıdakı illərdə Azərbaycan idmanı yeni, daha yüksək zirvələri fəth edəcək. O cümlədən iki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ümidlərimiz çox böyükdür. İnanırıq ki, bu yarışlarda da Azərbaycan mütləq birinci sıralarda olacaq!

Əfqan Rzayev,
Xətai rayon Gənclər və İdman idarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024