Mobil versiya
Qan yaddaşında əbədi iz
Tarix: 30-03-2022 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər

Qan yaddaşında əbədi iz

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdıb və yandırıblar.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıda törətdiyi kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki soydaşlarımızın tarixi kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919-cu və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Ümummilli Lider Heydər Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da,şərəfli və müqəddəs bir iş kimi bu gün dəgələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 500-dək insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara,100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 ildən artıq zaman ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur. Lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Erməni vandallarının indiyənə kimi Azərbaycanda törətdikləri vəhşiliklərinin intiqamı məhz başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuzun 2020-ci il 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən sonra alındı və bü gündə, bu intiqam alınır.Bu qisas uşaqlarımızın gələcəyinə buraxılmadan alınır,amma əsla erməni kimi yox,əsl azərbaycanlı kimi, türkə yaraşan bir şəkildə alınır və alınacaqdır.Əliyalın, silahsız xalqı, uşaqları, qadınları nişan almadan, özgəsinin torpağında gözü olmadan öz haqqımız, ədalətimiz, torpaqlarımızın bütünlüyü uğrunda çıxdığımız müqəddəs yolda inamla, qətiyyətlə irəliləyərək, düşmən ordusuna, məhz döyüşdə layiqli cavab verərək,zorla işğal altında saxladıqları torpaqlarımızın hər qarışından onları qovaraq, həmin torpaqlarda üçrəngli bayrağımız sancılaraq alınır bu intiqam.

Bu gün Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni qələbələr, yeni zəfərlər qazanır və biz əminliklə qeyd edə bilərik ki,hələ çox qələbələrə, zəfərlərə imza atılacaqdır və bü günə kimi, daşnak barbarlarının azərbaycanlılara qarşı törəddikləri soyqrım qurbanlarının qisası alınmaqda davam edəcəkdir, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025