Mobil versiya
Gənclərlə bağlı dövlət siyasətinin prioritet məqsədlərindən biri idmanın inkişaf etdirilməsidir
Tarix: 24-03-2022 | Saat: 11:42
Bölmə:Ölkə | çapa göndər

Gənclərlə bağlı dövlət siyasətinin prioritet məqsədlərindən biri idmanın inkişaf etdirilməsidir

Məlum olduğu kimi, Azərbaycan gənci hər bir beynəlxalq platformada dövlətimizi layiqincə təmsil edir. Respublikamızın inkişaf strategiyasına uyğun olaraq idman da dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi sürətlə inkişaf edir. Azərbaycanda dövlət səviyyəsində idmanın inkişafına xüsusi diqqət yetirilir. Bu diqqət və qayğı mütərəqqi gənclər siyasətinin göstəricisidir. Bu siyasətin nəticəsində paytaxtda və bölgələrdə müasir standartlara cavab verən olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir.

Prezident İlham Əliyevin 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş Güləş üzrə VII Avropa Çempionatının iştirakçılarını qəbul edərkən, ölkəmizdə idmanın inkişafına xüsusi olaraq toxunub. Vurğulanıb ki, gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atması, Vətənə 7-si qızıl olmaqla, 16 medalla dönməsi, ilk növbədə Azərbaycanda həyata keçirilən idman siyasətinin təcəssümüdür.

Təsadüfi deyil ki, ötən illərdə hər bir sahədə olduğu kimi, Azərbaycanda idmanın tarixində də şərəfli səhifələr yazılıb, ölkəmizdə idman və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Respublikamızda 50-yə yaxın olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, idmanın ayrı-ayrı növləri üzrə müasir komplekslərin yaradılması bu siyasətin uğurla həyata keçirilməsindən xəbər verir.  Bu qayğını yüksək dəyərləndirən gənclərimiz üzərlərinə düşən vəzifələri layiqincə doğruldurlar. İndiyədək Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olublar. Onlar üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Məhz idmançılarımızın qələbələri nəticəsində Azərbaycan dünyada idman ölkəsi, olimpiya hərəkatının inkişaf etdiyi dövlət kimi tanınır. Dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb.

Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin prioritet məqsədlərinə idmanın inkişaf etdirilməsi, böyüməkdə olan nəslin vətərpərvər ruhda tərbiyəsi, milli dövlətçilik ruhunda formalaşması da daxildir. Digər tərəfdən, Azərbaycanda dövlətin yürütdüyü gənclər siyasəti idmanın inkişafına və gənclərin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfə verir.

Təsadüfi deyil ki, idmançılarla görüşdə olduqca vacib məsələlərə toxunan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik hisslərinin artırılmasındakı rolundan da danışdı. Qeyd edildi ki, idman bu istiqamətdə ən mühüm sahələrdən biri hesab olunur.  “Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim, əlbəttə ki, güclü ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”, – deyə Prezident İlham Əliyev güləşçilərlə görüşdə bildirdi.

Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişmələri 44 günlük müharibədə torpaqlarımızın azad edilməsində də öz sözünü dedi. Bu savaşda qazanılan parlaq Zəfərin təməlində dayanan əsas amillərdən biri Azərbaycan gənclərinin Vətənə, torpağa bağlılığı oldu. Müharibənin ilk günündən gənclərimiz silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdılar və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə sevincini xalqımıza yaşatdılar. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən, bu yolda müqəddəs şəhidlik məqamına ucalan qəhrəmanlarımızın böyük hissəsi məhz gənclərimiz idi. Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.  Vətən müharibəsi məğlubiyyət damğasını üzərimizdən götürdü, bizi qalib xalq etdi. Güləşçilərlə görüşdə Prezident İlham Əliyev bu məsələnin də üzərində dayandı və onların qalib gəlmiş müzəffər xalqı təmsil etdiklərini xüsusi vurğuladı: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır”.

Həqiqətən də, qalib dövlətin təmsilçisi kimi çıxış etmək başqa bir hissdir, başqa bir duyğudur. Qalib xalqın təmsilçisi olmaq həm də böyük  ruh yüksəkliyi, uğurlara aparan yolda mənəvi-psixoloji dəstək və üstünlük deməkdir. Vətən müharibəsindəki tarixi Zəfərlə xalqımız bunları layiqincə təmin etdi.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon İcra
Hakimiyyəti ərazi partiya təşkilatının fəal üzvü

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024