AZ RU Mobil versiya
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
Tarix: 19-03-2022 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət / Seçilənlər-4 | çapa göndər

Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”

MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

AİA.Az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar nüəllim, ötən il ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının VII qurultayı oldu. Bu qurultayda qəbul olunan qərarları necə şərh edə bilərsiz?

- Həqiqətən də Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu, eləcə də yeni Nizamnaməyə əsasən İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir. VII qurultayın keçirilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin islahatlar siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Belə ki, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsi idarəetmə prosesinin daha təkmil formada həyata keçməsinə yol açmış oldu. Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Həmçinin qeyd olunmalıdır ki, YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı böyük əhəmiyyət kəsb etdən bir sənəddir. Yeni proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək, siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Yeni proqram əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji sənəddir və bu proqram hazırda uğurla reallaşdırılır.

- Eldar müəllim, söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi, bu günlərdə xalqımız Novruz bayramını böyük coşqu ilə qeyd edir. Yəqin ki, Sizin də qədim tarixi olan Novruzun mahiyyəti, fəlsəfəsi barədə bölüşmək istədiyiniz fikirləriniz var.

- İlk növbədə bu fürsətdən yararlanıb mən də bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Həqiqətən də artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını minilliklər boyunca qeyd edəcək. Məlum olduğu kimi, Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır. Belə bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Ümumiyyətlə Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri əvəzolunmazdır. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Novruz bayramını Azərbaycan xalqının müqəddəs milli irs hesab edən Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.” Məhz bu yanaşma müasir dövlətimizin mədəniyyət siyasətinin əsasını təşkil edir, Azərbaycanı bütün dünyaya qədim tarixə, zəngin mədəni irsə malik olan dövlət kimi təqdim olunmasında aparıcı rol oynayır.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirik. Sağ olun.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi

78406 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022