Mobil versiya
Novruz fəlsəfəsi milli mənəviyyatımızın simvoluna çevrilib
Tarix: 17-03-2022 | Saat: 08:30
Bölmə:Media | çapa göndər

Novruz fəlsəfəsi milli mənəviyyatımızın simvoluna çevrilib

Novruz bayramı sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".

Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Bu möhtəşəm Zəfər bütün Azərbaycana əbədi bahar gətirdi. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb.

Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoymuş, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirmişdir. O, neçə əsrlər və minillərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verib, qəlblərini ümid və inamla doldurur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz fəlsəfəsi milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.

Hafiz Kərimov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının İsmayıllı rayon komitəsinin sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024