Mobil versiya
Lütvəli Şıxəliyev: “Ulu Öndər Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən fenomen kimi qymətləndirmişdir”
Tarix: 15-03-2022 | Saat: 18:21
Bölmə:Ölkə | çapa göndər

Lütvəli Şıxəliyev: “Ulu Öndər Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən fenomen kimi qymətləndirmişdir”

Çoxəsrlik tarixi olan Azərbaycan xalqı zəngin ənənə və dəyərlərini, ayin və mərasimlərini, milli bayramlarını yaşadaraq yad təzahürlərdən hifz etməklə, həm də milli kimlikliyini, tarixi etnos kimi mövcudluğunu qorumuşdur. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik və mənəvi-əxlaqi dünyəvi düyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.
Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Ulu öndər Novruz bayramını sevinc, həvəs və birləşmə formulu kimi səciyyələndirmişdir. Müasir Azərbaycanın qlobal dünyanın siyasi labirintlərində etibarlı milli yol xəritəsini cızmış ümummilli liderin bu sözləri milli ideologiyamızın təməl daşlarını, Azərbaycan insanının canı və qanı bahasına qurduğu dövləti necə qoruyub saxlaması haqqında fəaliyyət proqramının başlıca qayəsini təşkil edir. Bu anlamda, Novruz bayramının bizi sevindirməsi Azərbaycan xalqının milli dəyərlərlə yaşaması, həvəsləndirməsi milli dəyərlərdən güc alması, birləşdirməsi bir xalq kimi məhz milli dəyərlər əsasında təşkil olunması deməkdir.

Ulu öndərin milli ideologiya kursu bu gün artıq öz bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqı qarşısında Novruz təbriklərində aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.” Möhtərəm dövlət başçımız Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş beynəlxalq fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real siyasət olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.

Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoymuş, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirmişdir. O, neçə əsrlər və minillərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verib, qəlblərini ümid və inamla doldurur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.

Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu möhtəşəm Zəfər bütün Azərbaycana əbədi bahar gətirdi.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025