Mobil versiya
YAP uğurlu gələcəyə doğru inamla addımlayır
Tarix: 04-03-2022 | Saat: 18:41
Bölmə:Ölkə | çapa göndər

YAP uğurlu gələcəyə doğru inamla addımlayır

Yeni Azərbaycan Partiyası (YAP) müstəqil Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərin (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) həyata keçirilməsində böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.
Bütün bunlara baxmayaraq, cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bunlar da öz növbəsində Yeni Azərbaycan Partiyasının hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Bu kontekstdən çıxış edən YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürüb.

Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı hər zamankı kimi, demokratik ənənələrin inkişafına böyük töhfə verir. Buna görə də Yeni Azərbaycan Partiyasının VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Eyni zamanda, hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Ona görə də deyə bilərik ki, bu qurultay demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək.

Qeyd edək ki, yeni proqramda ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən, cəmiyyətin ahəngdar inkişafını təmin edən ideoloji prinsiplər qorunub saxlanılıb. YAP demokratik siyasi dəyərlərə və prinsiplərə əsaslanır ki, onların içərisində Ümummilli Lider Heydər Əliyevin yolu müstəsna yer tutur. Ona görə ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası özündə siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışları ehtiva edir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasını şərtləndirir.

O da bir həqiqətdir ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da möhkəmləndirib. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Eyni zamanda, YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir.

İnanırıq ki, həmin vəzifələrin yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcək. Çünki görülən işlər və cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir. Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır və uğurlu gələcəyə doğru inamla addımlayır.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024