Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
Tarix: 23-02-2022 | Saat: 11:12
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”



“Xocalı qətliamının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməli olduğunu bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Yalnız bu halda bəşəriyyət oxşar hadisələrin gələcəkdə yenidən baş verməsi ehtimalını minimuma endirə bilər. Məhz buna görə də Erməni faşizminin ən amansız və qanlı təzahürlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətləri olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan davam etdirməlidir. Ulu Öndər Heydər Əliyev Xocalı qətliamının ən düzgün tərifini verərək belə demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Bu gün Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında almışdır. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır.” Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Milli Məclisin deputatı bildirib ki, hələ 1988-ci ildə Ermənistan SSR-nin ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlının bu yerlərdən qovulması ilə Ermənistan monoetnik dövlətə çevrilib. Bundan sonra sovet dönəmində heç bir əsas və zərurət olmadan, süni şəkildə yaradılmış qondarma “Dağlıq Qarabağ” ətrafında başlanan hadisələr erməni ideoloqlarının xəstə təfəkkürünün məhsulu olan “dənizdən dənizə Ermənistan” adlı mifik bir ideyanın reallaşdırılmasına yönəldilib: “Bu hadisələrin faciəvi nəticəsi olaraq Azərbaycanın kənd və şəhərləri dağıdılıb, on minlərə günahsız insanımız ölüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Ermənistan tarixi Azərbaycan ərazilərini özünə birləşdirmək naminə hər cür qanlı cinayətə və istənilən vəhşiliyə hazır olduğunu hər zaman nümayiş etdirib. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş verib. Hər kəs bilməlidir ki, bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.”

Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, bu gün Ermənistanın işğalçı və terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünyaya qəbul etdirmək heç də asan məsələ deyil və bu həqiqətlərin artıq bir çox xarici dövlətlər tərəfindən qəbul olunması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi səyləri

nəticəsində baş vermişdir: “1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərinə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün isə bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atılır. Məhz bu səylərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bununla belə, erməni faşizminin ən amansız və qanlı təzahürlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətlərin olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan, usanmadan davam etdirməlidir. Bu gün Azərbaycan bir qalib dövlət olaraq işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Müharibə başa çatıb və regional sülhün möhkəm və davamlı olmasında ən çox maraqlı olan, bu istiqamətdə daha çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr mövcuddur. Lakin onların bütün səyləri əbəsdir və ilk növbədə Ermənistanın özü üçün son dərəcə təhlükəlidir. Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibələrinin birində bu məsələyə toxunaraq bir daha erməni faşizmini qidalandıran, onları dəstəkləyən qüvvələrə səslənərək qəti şəkildə bildirdi ki, Azərbaycan erməni faşizminin bundan sonra heç vaxt baş qaldırmasına yol verməyəcək. Bu bir reallıqdır və hər kəs bunu açıq-aydın dərk etməlidir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024