Mobil versiya
Novruzəli Aslanov: “Bəşəriyyət Xocalı soyqırımı kimi qanlı faciələrə göz yummamalıdır”
Tarix: 23-02-2022 | Saat: 10:26
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Bəşəriyyət Xocalı soyqırımı kimi qanlı faciələrə göz yummamalıdır”

Cənubi Qafqaza, Azərbaycanın tarixi ərazilərinə köçürüldükləri ilk gündən bu günümüzə qədər ermənilərin bu torpaqlarda əl atmadıqları fitnə-fəsad, törətmədikləri qanlı cinayət qalmayıb. Rus-İran müharibələrinin nəticələri olaraq bağlanmış rüsvayçı Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra ermənilərin bizim dədə-baba torpaqlarımıza gətirilmələrinin yeganə səbəbi də regionda dini tərkibi dəyişdirmək, müsəlmanları öz yurd-yuvalarından qovmaq və lokal etnik təmizləmələr həyata keçirmək idi. Rus imperiyasının bu siyasəti az bir müddətdən sonra erməni ideoloqlarının xəstə təxəyyülündə “dənizdən-dənizə Ermənistan” adlı utopik ideyanın formalaşmasına səbəb oldu. Heç bir əsası və bu gün tarixin göstərdiyi kimi, heç bir perspektivi olmamış bu məqsədlərinə nail olmaq üçün son iki yüz il ərzində ermənilər xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. O cümlədən son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə olmazın vəhşiliklərə əl atmışdır. Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Düz 30 il bundan öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutmuş, insanları diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Xocalı soyqırımını erməni şovinizminin və faşizminin əsl mahiyyətini ifşa edən ən bariz qanlı hadisələrdən biri kimi qiymətləndirən millət vəkili bildirib ki, bu gün dünya ictimaiyyəti hələ də bu qətliamın bütün dəhşətini olduğu kimi dərk etməyib: “Erməni faşizminin vəhşi xislətini və bütün insanlıq üçün son dərəcə təhlükəli olduğunu isbatlayan qanlı hadisələrə tarixin səhifələrində kifayət qədər rast gəlmək olar. Xocalı qətliamı isə bu hadisələrin sırasında xüsusi qəddarlığı, vəhşiliyi və amansızlığı ilə seçilir. Bu faciənin bir səciyyəvi cəhəti də ondan ibarətdir ki, xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi dövlətlərin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu. Azərbaycan öz həqiqətlərini, öz müsibətlərini dünyaya çatdırmaq üçün uzun illər həm göz önündə olan düşmənlə, həm də möhtəşəm yalanlarla mübarizə aparmalı oldu. İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən davamlı olaraq məqsədyönlü addımlar atılmışdır və bu proses bu gün də davam edir. Əslində Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin az öncə də qeyd etdiymiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır. Bu gün bəşəriyyət yeni dünya düzəminin formalaşması mərhələsini yaşayır. Bu düzəmin insanpərvər və mütərəqqi olub-olmayacağı isə həm də insanlığın Xocalı soyqırımı kimi qanlı faciələrə, bu cinayətləri törədənlərə və onların havadarlarına qarşı nə dərəcədə qətiyyətli və həmrəy çıxış edə biləcəkləri ilə müəyyən olunacaq”, – deyə N.Aslanov bildirib.

Daha sonra millət vəkili öz açıqlamasında Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini xüsusi qeyd edib və bu baxımdan “Xocalıya Ədalət” kampaniyasının misilsiz önəm daşıdığını vurğulayıb: “Heç şübhəsiz, Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının ölçüyəgəlməz əhəmiyyəti xüsusi qeyd olunmalıdır. 2008-ci ildən start götürmüş bu möhtəşəm kampaniya barədə Leyla xanım Əliyeva özü belə demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. Bu gün beynəlxalq maarifləndirmə kampaniyası dünyanın bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının qarşıya qoyduğu əsas strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və bu qətliama hüquqi-siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi, vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır. Bu məqsədlərə nail olmaq üçün “Xocalıya ədalət” kampaniyasının gedişində müxtəlif ölkələrdə mütəmadi olaraq sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər keçirilir. Həmçinin sosial şəbəkələrdən kampaniyanın məqsədlərinə çatmaq üçün yüksək effektivliklə istifadə olunur. O cümlədən Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan internet resursu kimi təbliğat və maarifləndirmə işlərində mühüm əhəmiyyət kəsb edir.”

Sonda millət vəkili Azərbaycanın əslində bütün Cənubi Qafqazın xilaskarı olduğunu qeyd edib. Novruzəli Aslanov ölkəmizin bu tarixi missiyanı erməni faşizmini məhv etməklə həyata keçirdiyini vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu döyüş meydanında bütün şəhidlərimizin, günahsız qurbanların qisasını düşməndən aldı. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları azad etdi. Ölkənin ərazi bütövlüyü bərpa olundu. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük ermənistan” ideyası sadəcə Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Amma Azərbaycanın dəmir yumruğu bu təhlükənin qarşısını almaq üçün kifayət qədər tutarlı arqument oldu. Əlbəttə, erməni şovinizmi bu gün də ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması istiqamətində fəaliyyətini davam etdirir. Həmçinin Ermənistanda faşizmin təbliğini aparan və bu bəlanın yenidən dirçəlməsinə, güclənməsinə çalışan qüvvələr də mövcuddur. Əgər belə olmasaydı faşist cəlladı Njde Qareginə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə çoxdan sökülərdi. Əlbəttə bu, ermənilərin öz problemləridir. Çünki erməni faşizmindən ən çox əziyyət çəkən də son nəticədə erməni xalqı özü olacaq. Azərbaycan isə, Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə bəyan etdiyi kimi, heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqazda erməni faşizmi bundan sonra bir də yenidən baş qaldırsın”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024