Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini istiqamətləndirən əsas amildir”
Tarix: 19-02-2022 | Saat: 09:21
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini istiqamətləndirən əsas amildir”

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə əsasən ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun daha bir təzahürü idi. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlaməti oldu. Birinci vitse-prezidentlik institutu Azərbaycanda idarəetmənin səmərəliliyini və çevikliyini bir qədər də artırdı. Birmənalı olaraq demək lazımdır ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixində baş vermiş ən mühüm hadisələrdən biridir.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, ərazi bütövlüyünə qəsd edilən və bir milyon qaçqın-köçkünü olan Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində nail olunmuşdur. Bu gün isə Ümummilli Liderin bu vətənpərvər və şərəfli işini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ləyaqətlə davam etdirir: “Fondun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan və ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Ümumiyyətlə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində hər zaman məqsədyönlü iş aparılıb və bu proses indi də davam edir. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub” – deyə N.Aslanov bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin prioritet istiqamətlərindən biri də həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaqdır: “Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. O cümlədən Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olmuşdur. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı bu insanlar üçün böyük önəm kəsb edir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin effektiv şəkildə həyata keçirilməsində də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi önəm kəsb edir.”

Daha sonra millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini istiqamətləndirən əsas amildir: “Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti həm ölkə rəhbərliyi, həm də xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında isə Fransanın “Şərəf Legionu” ordeni, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” və Böyük Xaç Kavaleri ordenləri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı kimi ali beynəlxalq mükafatlar vardır. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Azərbaycanın Birinci vitse-prezidenti özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024